Menu

“Türkiyə ilə normallaşma Azərbaycanla sülh prosesinə mane olmur – MİRZOYAN

20.11.2025, 11:50
“Türkiyə ilə normallaşma Azərbaycanla sülh prosesinə mane olmur – MİRZOYAN

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan türk həmkarı Hakan Fidanın son açıqlamasına cavab verib. Fidan bəyan etmişdi ki, Ankara indi Ermənistanla münasibətləri normallaşdırsa, bu, İrəvanın Azərbaycanla sülh sazişini imzalamaq motivasiyasını azalda bilər.

Mirzoyan “Armenpress”ə müsahibəsində bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün həqiqətən də mühüm məsələdir. Eyni dərəcədə vacib olan digər istiqamət isə Azərbaycanla əldə olunmuş sülhün davamlı şəkildə institusionallaşdırılmasıdır.

Nazir vurğulayıb ki, bu iki proses bir-biri ilə şərtlənmir: “Əgər mütləq şəkildə səbəb-nəticə əlaqəsi axtarsaq, o zaman Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistan – Azərbaycan dialoquna mənfi yox, əksinə, müsbət təsir göstərə biləcəyini də görərik”.

Ararat Mirzoyan həmçinin nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsinə də toxunub. 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində bu prosesin əsas prinsipləri razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq. Mirzoyan bildirib ki, bu çərçivədə nəzərdə tutulan TRIPP marşrutu həm Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcək, həm də Ermənistanı digər ölkələrlə və daha geniş regionlarla birləşdirəcək: “Ermənistan bu layihənin qısa zamanda reallaşması üçün fəal və maraqlı şəkildə çalışır”.

Xatırladaq ki, Hakan Fidan bundan əvvəl bəyan etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə olunduqdan və Ermənistan Konstitusiyası ilə bağlı məsələlər həll edildikdən sonra sülh müqaviləsi imzalanacaq, ardınca isə Türkiyə Ermənistanla sərhədi açacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol