Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olan yetim və valideyn himayəsindən məhrum edilmiş şəxslərin sayı ən azı 190 nəfər təşkil edir.
“AzPolitika” bildirir ki, bu barədə “Sibir.Realii” portalı tərəfindən açıq nekroloqların təhlili əsasında aparılan araşdırmada bildirilir. Məlumata görə, 2022-ci ildən başlayan işğalçı əməliyyatlardan sonra təxminən 6 min yetim cəbhəyə göndərilib, onların 4 mini geri dönüb.“Həyat sənin əllərindədir” təşkilatının rəhbəri Yekaterina Gorelkina bildirib ki, hazırda - 2025-ci ildə 1855 yetim Rusiya ordusunda döyüşür, 145 nəfər isə həlak olub.
Uşaq evlərinin əməkdaşları isə hesab edir ki, real itkilər rəsmi rəqəmlərdən əhəmiyyətli dərəcədə çoxdur. Onların sözlərinə görə, bölgələrdə həlak olan gənclərin məlumatı çox vaxt gizlədilir və nekroloqlar yalnız qismən dərc olunur.
2023-cü ilin iyulundan Rusiyada qüvvəyə minmiş qanun yetimlərə Müdafiə Nazirliyi ilə müqavilə imzaladıqları halda dövlət mənzilini növbədənkənar almaq hüququ verir. Bununla belə, araşdırma göstərir ki, verilən vədlər çox zaman kağız üzərində qalır. Məsələn, İrkutsk vilayətində müharibədə həlak olan yetimin həyat yoldaşına dövlət mənzili verilməsindən imtina edilib.
Araşdırma göstərir ki, Rusiya hakimiyyəti müharibənin insan tələfatını gizlətməyə çalışsa da, xüsusilə sosial cəhətdən ən zəif təbəqə olan yetim gənclər arasında itkilər kəskin şəkildə artır. Dövlət onlara cəlbedici imtiyazlar vəd etsə də, bu mexanizmlərin əksəriyyəti real həyatda işləmir.
Mütəxəssislər hesab edir ki, Rusiya ordusunda yetimlərin kütləvi şəkildə səfərbər olunması həm sosial, həm də hüquqi fəsadlar yaradacaq və müharibənin ən faciəli nəticələrindən biri kimi tarixə düşəcək.
“AzPolitika.info”


Şərhlər