Menu

“İlk addım enerji infrastrukturuna hücumların dərhal dayandırılması olmalıdır” – Almaniyanın XİN rəhbəri

21.11.2025, 12:30
“İlk addım enerji infrastrukturuna hücumların dərhal dayandırılması olmalıdır” – Almaniyanın XİN rəhbəri

Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı apardıqlarını bildirib.

“AzPolitika” xəbər verir ki, o, bu barədə yaydığı press-relizdə məlumat verib.

Vadeful qeyd edib ki, söhbət zamanı Rusiyanın Ukraynaya qarşı apardığı aqressiv müharibənin dayandırılması istiqamətində atılan çoxsaylı birgə səylər müzakirə olunub. Nazir vurğulayıb ki, müharibə nəticəsində baş verən ölçüyəgəlməz humanitar əzabları azaltmaq üçün tərəflər arasında koordinasiya mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, danışıqlar zamanı hazırda müzakirə edilən konkret məsələlərə də toxunulub. Vadeful bildirib ki, hər iki tərəfdaş – ABŞ və Türkiyə Almaniya və Avropa İttifaqı ilə sıx əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb. Nazir əlavə edib ki, Berlin bu əməkdaşlığı bütün səviyyələrdə davam etdirir.

Almaniyanın XİN rəhbəri deyib ki, qış mövsümünün yaxınlaşması fonunda ilk növbədə enerji infrastrukturu obyektlərinə hücumlar dərhal dayandırılmalıdır. Onun fikrincə, bu addım soyuq hava şəraitində mülki əhalinin əlavə çətinliklərlə üzləşməsinin qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir.

Vadeful sonda qeyd edib ki, enerji infrastrukturu ilə bağlı hücumların dayandırılmasından dərhal sonra uzunmüddətli atəşkəsə dair danışıqlara başlanmalıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol