Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ lideri Donald Tramp gələn həftə telefonla danışacaqlar.
“AzPolitika” bildirir ki, bu barədə məlumatı “Sky News” telekanalı Avropa İttifaqındakı mənbələrinə istinadən yayıb. Bildirilir ki, Zelenski ABŞ tərəfindən hazırlanan “sülh planı”nı Tramp ilə birbaşa müzakirə etmək istəyib.
Məlumata görə, telefon danışığından əvvəl Ukrayna Prezidenti Böyük Britaniya, Fransa, İtaliya və Almaniya liderləri ilə ayrıca məsləhətləşmələr aparacaq.
“Sky News” yazır ki, ABŞ planı Avropa ölkələrində ciddi narazılıq yaradıb: dünən Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısında sənədlə bağlı kəskin etirazlar səsləndirilib. Xüsusilə Polşa, İtaliya, Fransa, Litva və Almaniya planın əleyhinə çıxıblar.
Jurnalistlərin məlumatına görə, Avropa İttifaqı yaranmış vəziyyətdə ABŞ dövlət katibi Marko Rubioya ümid edir və Brüssel Vaşinqtonun mövqeyinə təsir göstərməyə çalışır.
“The New York Times” yazır ki, Zelenski diplomatik danışıqlara açıq olsa da, ABŞ planında yer alan güzəştlər Kiyev üçün qəbuledilməzdir. Ukraynalı bir rəsminin sözlərinə görə, Tramp administrasiyası Kiyevi 28 maddəlik plan üzrə aparılan danışıqlardan xəbərdar etsə də, Ukraynanın rəyini soruşmayıb.
“Bloomberg” isə bildirir ki, Trampın “sülh planı” Rusiya Prezidenti Vladimir Putinin bütün əsas tələblərinə cavab verir.
NATO ölkələri də sənədə qarşıdır. Çünki plan Alyansın genişlənmə hüququnu məhdudlaşdırır və bunun üçün bütün 32 üzvün yekdil razılığını tələb edir.
“AzPolitika.info”


Şərhlər