Aparıcı Avropa dövlətlərinin liderləri Ukrayna Prezidenti ilə razılaşıblar ki, hazırkı cəbhə xətti istənilən ərazi müzakirələri üçün başlanğıc nöqtəsi olmalıdır.

“AzPolitika” xəbər verir ki, Almaniya hökumətinin veb saytında dərc olunmuş məlumata görə, Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə Volodimir Zelenski arasında telefon danışığından sonra verilən açıqlamada belə deyilir.

Qeyd olunur ki, xüsusilə, liderlər davamlı və ədalətli sülh yolunda Ukraynaya sarsılmaz və tam dəstəyini bir daha təsdiqləyiblər. Eyni zamanda, Merts, Makron, Starmer və Zelenski ABŞ-nin müharibəyə son qoymaq səylərini alqışlayıblar.

Bəyanatda qeyd olunur: "Liderlər uzunmüddətli perspektivdə həyati əhəmiyyətli Avropa və Ukrayna maraqlarının qorunması məqsədini davam etdirmək barədə razılığa gəldilər. Buraya, digər məsələlərlə yanaşı, təmas xəttinin hər hansı qarşılıqlı anlaşma üçün başlanğıc nöqtəsi olaraq qalmasını və Ukrayna Silahlı Qüvvələrinin Ukraynanın suverenliyini effektiv şəkildə müdafiə etmək qabiliyyətini qorumasını təmin etmək daxildir.

Eyni zamanda, liderlər Avropa dövlətləri, Avropa Birliyi və ya NATO ilə bağlı hər hansı bir razılaşma üçün Avropa tərəfdaşlarının təsdiqinin və müttəfiqlər arasında konsensusun tələb olunması barədə razılığa gəldilər”.

“AzPolitika.info”