Menu

"Kiyev suverenliyini pozan heç bir planı qəbul etməyəcək" - Umerov

21.11.2025, 20:57
"Kiyev suverenliyini pozan heç bir planı qəbul etməyəcək" - Umerov

Noyabrın 21-də Ukrayna prezidenti Volodimir Zelenskinin baş təhlükəsizlik rəsmisi Tramp administrasiyasının sülh planı ilə razılaşdığını təkzib edib.

Vaşinqton Kiyevə təqdim etdiyi 28 maddəlik planda Kiyevdən tələb olunur ki, əlavə ərazilər versin, ordunun sayını azaltsın, NATO-ya üzvlük niyyətindən birdəfəlik əl çəksin.

Ukraynanın Avropadakı müttəfiqləri planın onlarla müzakirə olunmadığını deyiblər. "Reuters" yazır ki, onlar durumun müzakirəsi üçün təcili telefon danışığı təyin ediblər. Britaniya və Almaniya liderləri iştirak edəcəklərini təsdiqləyiblər. Zelenskinin ofisi isə onun danışığa qoşulub-qoşulmayacağını açıqlamayıb.

ABŞ rəsmilərinin dediyinə görə, plan Zelenskiyə yaxın, iyuladək müdafiə naziri postunda çalışmış Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla məsləhətləşmələrdən sonra hazırlanıb.

"O, bir neçə dəyişiklikdən sonra planın böyük hissəsi ilə razılaşıb və onu prezident Zelenskiyə təqdim edib", – ABŞ-nin yüksək vəzifəli rəsmisi bir gün öncə deyib.

Umerov isə noyabrın 21-də bildirib ki, o, planın şərtlərini nəinki təsdiqləməyib, heç müzakirə etməyib.

"Birləşmiş Ştatlara səfərim zamanı rolum texniki idi – görüşləri təşkil etmək və dialoqa hazırlıq. Heç bir qiymətləndirmə etməmişəm, hər hansı bəndi təsdiqləməmişəm. Bu, mənim səlahiyyətlərimə daxil deyil və prosedura uyğun gəlmir", – deyə, o, Telegram-da yazıb.

Bu gün ABŞ nümayəndə heyəti ilə görüşdən sonra Umerov bildirib ki, Kiyev suverenliyini pozan heç bir planı qəbul etməyəcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol