Ukraynada yaxın gələcəkdə sülh razılaşmasının əldə edilə biləcəyi barədə bəyanatlar verilməsi hələ tezdir.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Hələ gözləyin, bu barədə danışmaq hələ tezdir", - deyə Peskov vəziyyətin sülh razılaşmasına daha yaxın olub-olmadığı ilə bağlı suala cavab olaraq bildirib.

“Reuters”-in məlumatına görə, Kremlin təkliflərinə əsaslanan Donald Tramp administrasiyasının 28 maddəlik sülh planı Cenevrədə Ukrayna rəsmiləri ilə danışıqlardan sonra əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Danışıqlarla tanış olan mənbələr CNN-ə bildiriblər ki, Kiyev Moskvanın təkid etdiyi üç əsas məqamı rədd edib: Ukrayna Silahlı Qüvvələrinin azaldılması, NATO-ya qoşulmaqdan imtina və Donbasın tamamilə təslim edilməsi.

Ukrayna Prezidenti Volodimir Zelenski isə həssas ərazi məsələlərini müzakirə etmək üçün Vaşinqtonda Trampla görüş təklif edib. Lakin Tramp onun xahişini qulaqardına vurub və bəyan edib ki, Ukrayna və Rusiya başçıları ilə yalnız sülh müqaviləsi hazır olanda görüşəcək.

Mənbələr “The New York Times”-a bildiriblər ki, Tramp rəsmiləri planın hazırkı formada Vladimir Putin tərəfindən dərhal rədd ediləcəyindən qorxurlar. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa, Rusiya və Avrasiya Proqramının direktoru Maks Berqman qeyd edib ki, Putin hələ də bütün Ukraynanı istəyir: "Əsas məsələ odur ki, o, Ukraynanın onun orbitində qalmasını istəyir. Əgər o, Ukraynanı əldə edə bilmirsə, deməli, başqa heç kim əldə edə bilməz… Müəyyən mənada bu il ərzində sülh ətrafında baş verənlər karusel kimidir. Hər təşəbbüsdən sonra bir fəaliyyət dalğası yaranır və sanki bir yerə doğru irəliləyirik. Amma sonda hər şey dayanır və biz özümüzü əvvəlki vəziyyətimizə qaytarırıq. Müharibə isə davam edir”.

“AzPolitika.info”