Menu

Separatçılar "əsirlərin mübadiləsinə" razılaşdılar

26.12.2014, 11:27
Separatçılar "əsirlərin mübadiləsinə" razılaşdılar

Şərqi Ukrayna separatçıları Kiyevlə "əsirlərin mübadiləsi" ilə bağlı razılığa gəliblər. Yaxın günlərdə Minskdə dayanıqlı sülh planının növbəti addımları müzakirə olunacaq.

Dekabrın 25-də rusyönümlü separatçıların lideri Aleksanr Zaxarenko "İnterfax" xəbər agentliyinə bildirib ki, Ukrayna əlaqə qrupunun üzvləri Minsk toplantısında "əsirlərin mübadiləsi" ilə bağlı razılıq əldə ediblər. Onun sözlərinə görə, Donetsk və Luqansk "xalq respublikaları" 150 ukraynalı əsiri Şərqi Ukraynanın azadlığı uğrunda mübarizə aparan 225 separatçı ilə dəyişməyə hazırdırlar. Dayanıqlı sülhlə bağlı növbəti addımlar bundan sonra müzakirə olunacaq. Buna baxmayaraq, Kiyev hökuməti əsirlərin mübadiləsini hələlik təsdiqləməyib.

Dekabrın 24-də Ukrayna əlaqə qrupu Kiyev, rusyönümlü separatçılar, Rusiya və ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) rəsmiləri ilə birlikdə Belarusun paytaxtı Minskdə olub. Toplantıda Şərqi Ukraynada separatçılarla sülh məsələsi müzakirə edilib.

Dekabrın 25-də danışıqlar video konfrans şəklində davam etdirilib. Müzakirələrin dekabrın 26-da yenidən başlayacağı bildirilir, lakin bu xəbər hələlik təsdiqlənməyib.

Sentyabrdan bəri ilk müzakirə

Sülh danışıqları eyni zamanda ağır hərbi texnikanın geri çəkilməsi və Şərqi Ukraynaya humanitar yardım məsələsinə yönəlmişdi. Sentyabrda da Ukrayna münaqişəsinin dayanaqlı həlli ilə bağlı oxşar müzakirələr aparılmışdı. Buna baxmayaraq, atəşkəsin qorunub saxlanması cəhdləri uğursuz olub. Vuruşan tərəflər bir-birlərini atəşkəsi pozmaqda ittiham edir.

Rusiyanın Krımı anneksasiyasının ardınca, apreldə Şərqi Ukraynanın Donetsk və Luqansk əyalətlərində münaqişə başlanıb. İndiyədək 4600-dan çox adamın öldüyü bildirilir. Ukrayna və Qərb Moskvanı münaqişəni qızışdırmaqda, separatçıları qoşun və silahlarla təchiz etməkdə günahlandırır. Kreml isə bütün ittihamları inkar edir. Aİ və ABŞ törətdiklərinə görə Rusiya əleyhinə sanksiyalar tətbiq ediblər. /"eunews.az"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol