Lobaçevskinin ölkəsi

Bu əhvalatı vəkil dostumuz Osman Kazımov danışıb. Bir əsgər başqa əsgərin üzünə durub ki, sən məni may ayının sonunda döymüsən. Məhkəmə hökm çıxardıb, döyən əsgəri azadlıqdan məhrum edib. Sonra hökm ləğv olunub. İş qayıdıb prokurorluğa, sonra yenidən məhkəməyə. Yenə döyənə iş kəsmək istəyəndə baxıblar ki, döyülən əsgər “döyüldüyü” vaxtdan 2 ay sonra xidmətə çağırılıbmış. Hakim deyib, əşşi, nə fərqi var, yazarıq ki, iyulun sonunda döyülüb.

Sən də deyirsən bu ölkədə prezident seçkisi keçirilsin, konstitusiya olsun, nə bilim, səbətdən gilas tökülsün...

Bu əsgərin keçmişə gedib əsgər yoldaşını döyüb qayıtması mənə fantast yazıçı Rey Bredberinin gözəl hekayələrindən birini xatırlatdı. “Və şimşək çaxdı” adlı o hekayəni dilimizə rəhmətlik Natiq Səfərov çevirib, maraqlananlar tapa bilərlər. Hekayədə zaman maşınında keçmişə səyahətdən, dinozavr ovundan söhbət gedir. Ancaq gərək ayrılmış cığırdan kənara çıxmayasan. Səyahətçilərdən biri dinozavrdan qorxub cığırdan qırağa bir addım atır. Geri qayıdanda baxırlar ki, planetdə həyat başqa cürdür, hətta Amerikada demokratlar seçkini uduzub, faşistin biri hakimiyyətə gəlib. Tur rəhbəri qəzəblə o cığırdan çıxana deyir ayaqqabını qaldır. Qaldırır, baxırlar ayaqqabının altına balaca bir kəpənək yapışıb.

İndi cəmiyyətdə SSRİ tərəfdarları, yaxud, dini cəmiyyət qurmaq istəyənlər artdıqca düşünürəm görəsən biz haçan öz cığırımızdan çıxdıq, kəpənəyi harda ayaqladıq, niyə bu günlərə düşdük. Səbəb bir deyil, iki deyil... Səbəbkar da üç deyil, dörd deyil... Onlarla, yüzlərlə, minlərlədir. Səməd Qaraçöpün çox sevdiyim şeirində deyilən kimi: “Bu yaz Oğuz torpağında Qaratikanlar sıx bitdi, Qarağaclar seyrək. Yalıncığı niyə öldürmədin, Beyrək?”

Ukrayna Avropa ilə yaxınlaşmadan imtina edib Rusiyanın “gömrük ittifaqı” adı qoyduğu yeni boyunduruğa üz tutmasından sonra Azərbaycanda da narahatlıq artıb. Deyirlər müstəqilliyimiz təhlükə altındadır, yenə “şimaldan günəş doğmaq üzrədir” və sairə.

Mən varlıların, hakim ailənin narahatlığını bəlkə anlayaram. Çünki bu gün gömrük postunda maneəsiz olaraq camaatı soyan hansısa nehrəmli məmur başı üstündə Kremldən gələn rüşvətxorun dayanmasını istəməz. İvana niyə pay versin, hazır özü yığır da bə! Mənə ləzzət eləyən və güldürən bəzi ziyalılarımızn acqarına vətənpərvərliyi və müstəqillik atəşidir. Guya üçrəngli bayraqdan böyük xoşbəxtlik əldə etmişik, indi bunun yerinə təzədən qırmızı bayraq olsa batarıq.

Özünüzü aldatmayın. Kasıb insanlar o vaxt necə idisə, indi də elədir. O vaxt KGB şefi olan şəxs, indi ümummilli liderdir. O vaxt raykom, komsomol katibi işləyən indi deputatdır, icra başçısıdır, nazirdir. O vaxt Azərbaycan KP MK ideologiya şöbəsində oturub Brejnevdən yazan adam indi də aparatda oturub Xətaidən cızmaqara edir.

Çox əcaib ölkədə yaşayırıq, fərqində deyilsiniz. Təsəvvür edin, son illər Azərbaycandan Avropaya din mövzusu ilə mühacirət edənlər var. Adam din haqda nəsə yazır, deyir, sonra dindarlar bunu söyürlər, hədələyirlər, adam qaçır gedir Avropaya. Necə deyərlər, olan şeydir. Ancaq elə həmin dindarların özləri də Azərbaycanda təzyiqlərə məruz qalır, təhqir edilir, zindana salınır. Onlardan da bu səbəblə... Avropaya mühacirət edənlər var. Görəsən bir-birini hədələmiş bu adamlar Stokholmda küçədə rastlaşanda hansı hissləri keçirirlər?

Eyni proses siyasi aləmdə də var. Rejimə qulluq eləmiş, qoçu dəstəsi saxlamış adam Almaniyadan sığınacaq istəməyə məcbur oldu. Elə o Almaniyada vaxtilə onun döydürdüyü, başına torba keçirtdiyi müxalifətçilər yaşayır.

Ona görə də mən SSRİ-nin burada bərpa ediləcəyinə inanmıram. Burada o heç süqut eləməyib. Bura Lobaçevski həndəsəsinin ölkəsidir: bir adamdan bir-birinə paralel olan min cür mövqe keçirdə bilərsən.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar