Menu

Ermənistandan təsdiq gəldi - Azərbaycandan yanacaq idxalı ilə bağlı danışıqlar aparılır

12.12.2025, 15:47
Ermənistandan təsdiq gəldi - Azərbaycandan yanacaq idxalı ilə bağlı danışıqlar aparılır

Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan təsdiq edib ki, bir neçə gün əvvəl Qəbələdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi müzakirə edilib. Qriqoryan bu barədə yerli jurnalistlərin sorğusuna cavab olaraq bildirib.

“Bəli, müzakirələr aparılıb, əməkdaşlıq imkanları var”, - deyə qeyd edib.

O, “hansı həcmdə yanacaq idxal edilə bilər, Ermənistandakı hansı şirkətlər Azərbaycanın neftini almağa hazırdır, Bakı təklif etdiyi qiymətləri hansı aralıqda müəyyənləşdirib və bu qiymətlər Rusiyadan gətirilən yanacaqla rəqabət apara biləcəkmi”, suallarına konkret cavab verməyib.

Bildirib ki, yanacaqla bağlı proses bundan sonra xüsusi ixracatçı və idxalçı şirkətlərin əməkdaşlığı çərçivəsində aparılacaq, mümkün müqavilələrin şərtləri isə bazar prinsiplərinə uyğun olacaq.

Ermənistan ictimaiyyəti Bakı ilə yanacaq danışıqlarının aparıldığını keçən həftə ilk dəfə Azərbaycanın Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevdən eşitmişdi. O bildirmişdi ki, sərhədin delimitasiyası prosesi ilə paralel olaraq, Baş nazir müavinləri iki ölkə arasında qarşılıqlı ticarətin bəzi sahələrini də müzakirə edirlər.

Bu sahələrdən biri də məhz Azərbaycanın Ermənistana neft və neft məhsulları ixracıdır.

Azərbaycan-Ermənistan qarşılıqlı ticarətinin başqa hansı istiqamətlərini müzakirə etdikləri barədə sualı isə Qriqoryan konkretləşdirməyib və yalnız “digər məhsullar üzrə danışıqlar hələ davam edir”, - deyə bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol