Bir neçə saat əvvəl Qusarda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olanlar və xəsarət alanlar tanınmış hərbçi, polkovnik Şair Ramaldanovun ailə üzvləridir.

"AzPolitika" xəbər verir ki, bu barədə polkovnik, hərbi ekspert Üzeyir Cəfərov öz sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, Ramaldanov qardaşlarından biri — polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonunun Yuxarı Ləgər kəndi ərazisində yol-nəqliyyat qəzasına düşüblər.

Nəticədə polkovnik Elman Ramaldanovun 36 yaşlı qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən olan 43 yaşlı Cəmilə Bağırova faciəli şəkildə həyatlarını itiriblər. Qəza zamanı daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Üzeyir Cəfərov qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Ramaldanovlar ailəsinin üzvü, tanınmış hərbçi Şair Ramaldanovla əlaqə saxlayıb və o, faktı təsdiqləyib.

Məlumata əsasən, mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn olunacaqlar.

“AzPolitika.info”

***

Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən KİA markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. Rayonun Yuxarı Ləyər kəndində KİA markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində sərnişinlər; 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.

Qəza zamanı sürücü, 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, sərnişinlər; 2022-ci il təvəllüdlü A. və A. Qoşqar oğlu Rəhimovlar (əkizlər) və 2017-ci il təvəlludlü R. Rəhimov xəsarət alıblar.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, qəzaya uğrayanlar Bakı şəhər sakinləridir və bir ailənin üzvləridir.

Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdə bir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri ağır qiymətləndirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

2022-ci il təvəllüdlü (hər ikisi kişi) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hər iki şəxsin meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.