Bu gün, dekabrın 19-da Moskvada, “Qostinıy Dvor” sərgi mərkəzində Rusiya Prezidenti Vladimir Putinin ilin yekunlarına həsr olunmuş geniş mətbuat konfransı keçirilir.
“AzPolitika” Rusiya mediasına istinadla bildirir ki, tədbir ötən il olduğu kimi bu dəfə də “Birbaşa xətt” formatı ilə birləşdirilib.
Rusiya KİV-ləri mətbuat konfransından əvvəl jurnalistlərin uzun növbələr yaratdığı anları yayımlayıb. Tədbirdə əsasən dövlətə məxsus və Kremlə yaxın media qurumlarının nümayəndələri iştirak edir. Bununla yanaşı, konfransa bir sıra Qərb mediasının müxbirləri də akkreditə olunub. Gözlənilir ki, Prezident Putinə veriləcək suallar arasında Ukraynada davam edən müharibə və mümkün sülh danışıqlarının perspektivləri əsas mövzulardan biri olacaq. Rusiya lideri bir neçə gün əvvəl verdiyi açıqlamada bildirmişdi ki, əgər sülh razılaşması əldə olunmasa, Rusiya iddia etdiyi Ukrayna ərazilərini “hərbi yolla” ələ keçirəcək.
Putin son açıqlamalarında Avropa ölkələrini kəskin tənqid etsə də, Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edən ABŞ ünvanına açıq tənqidlərdən çəkinib.
“AzPolitika.info”

Şərhlər