Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əməkdar artist Elza Seyidcahanın ondan üzr istəməsi barədə yayılan məlumatlara cavab verib.
İcra başçısı Ə.Abıyev publika.az-a açıqlamasında müğənnidən üzr istəmədiyini bildirib: “Əksinə, Elza Seyidcahan özü ötən gün İstanbuldan mənə zəng edərək deyib ki, mən sizin haqqınızda heç bir söz deməmişəm və bu, jurnalistlərin uydurmasıdır. Mən nə üçün Elza Seyidcahandan üzr istəməliyəm? O kimdir ki, mən ondan üzr istəyim. Bu cür söz-söhbətləri etmək isə ayıbdır”.
Ə.Abıyev onu qeyd edib ki, hazırda Milli Məclisin Daşkəsəndən seçilmiş deputat yeri boşdur: “Yəni, əvvəllər bu yerdən seçilmiş deputat Mübariz Qurbanlı idi. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunub və indi həmin yer Milli Məclisdə boşdur. Elza Seyidcahanın da əsas istəyi odur ki, həmin yerdən deputatlığa namizəd olsun. Bu isə alınan iş deyil”.
Xatırladaq ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə əməkdar artist Elza Seyidcahan arasında olan qalmaqal başa çatıb. Lent.az-a açıqlama verən E.Seyidcahan deyib ki, Ə.Abıyev dünən ona zəng edib:
“Bu mövzu ilə bağlı ötən gün sizin saytınıza verdiyim açıqlamadan sonra Əhəd bəy mənə zəng etdi və üzr istədi. Söylədi ki, barəmdə o cür sözlər söyləməyib, sadəcə onun açıqlaması şişirdilib".
Elza sözlərinə belə davam edib: "Mənlə danışanda çox həyəcanlı idi, narazılığını bildirdi. Söylədi ki, mən sizin işlərinizi, layihələrinizi bəyənirəm. Hər zaman qapılarım sizin üzünüzə açıqdır. Gələcəkdə sizi Daşkəsənə dəvət edirəm ki, burada konsert verəsiniz. Hətta bildirdi ki, gələcəkdə sizin kimi sənətçinin millət vəkili olması onu sevindirər. Əhəd bəyin məndən üzr istəməsi onun böyüklüyündən xəbər verir”.
E.Seyidcahan onu da əlavə etdi ki, bu açıqlamanı vermək üçün Ə.Abıyevdən razılıq alıb.
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər