Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnisiya Aktı hazırda icra olunur, qarşıdakı 4 ayda 20 minə yaxın məhkuma bu aktın şamil olunacağı gözlənilir. Artıq cəzaçəkmə müəssisələrindən amnistiyanın təsirinə düşmüş məhkumların azad edilməsinə başlanıb. Amma proseslə bağlı narazılıq edənlər də var.
Ötən parlament seçkilərində namizəd kimi iştirak etmiş Raqif Muradaov “AzPolitika”-ya müraciət edərək bildirib ki, Amnistika Aktında ziddiyətlər var.
Onun iddiasına görə:
Maddə 2.4. Bu qərarın 2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər:
İzah: Bu maddə ilə bildirilir ki, ilk dəfə ağır cinayət törətmiş şəxslərin müddəti 6 aydan az qalırsa, cəzası 6 ay azaldılır və onlar azad edilir. Amnistiyanın tətbiqinə dair məhdudiyyətlər bölməsində 7.1 və 7.4 maddələrində ağır cinayət törətmiş şəxslərə qanunla məhdudiyyətlər qoyulur. Bu maddə 2.4 maddəsini inkar edir.
3.2 maddəsi ilə ehtiyatsızlıqdan ağır cinayət törətməyə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə midiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxlər:
İzah: yəni artıq 2.4 maddəsindən fərqli olaraq ehtiyatsızlıqdan ağır cinayət törətmiş məhkumların işi 6 ay azaldılır. V.Muradov daha sonra qeydlərini şərh edərək bildirir ki, əgər bir məhbusun son 6 ayı qalıbsa (2.4 maddəsi) azadlığa buraxılır. 6 aydan 10 gün və yaxud 1 il çox qalırsa, 2.4-ə uygun olaraq eyni cinayət əməlini törətmiş məhkumların işləri 6 ay azaldılmır: “Amnistiyada ilk növbədə ədalət və humanizm prinsipləri əsas götürülməlidir. Məhbuslar arasında ayrıseçkiliyi qanun şəklində qəbul etmək nə deməkdir? Azərbaycan Prezidenti İlham Əliyevin Amnistiya təşəbbüsünü belə ziddiyyətli qərarlarla gözdən salmaq kimə və nəyə lazımdır? İcraçılar nə etsinlər? 2.4 maddəsinin, yoxsa 7.1 və ya 7.4 maddəsini qəbul etsinlər. Digər tərəfdən, eyni əməlləri törətmiş məhkumların bir hissəsinin işi 6 ay azaldılaraq azadlığa buraxılır, digərlərinə amnistiya aktı tətbiq edilmir. Bu ayrıseçkilik bu qanunun humanistliyinə kölgə salmırmı? Diqqətlə baxsanız, 1995-ci ildən bu günədək qəbul edilmiş amnistiya aktlarının amnistiyanın tətbiqinə məhdudiyyətlər bölməsi olduğu kimi köçürülür. Belə ziddiyyətlərin də yaranmasına əsas səbəb odur. Xahiş edirəm Milli Məclisdən, bu maddələrin icrasının necə aparılacağına aydınlıq gətirsinlər.”

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq eksperti Əliməmməd Nuriyev “AzPolitika”-ya şərhində bildirib ki, amnistiyanın tətbiqi zamanı humanizm prinsipi əsas götürülür və bu, avtomatik olaraq bütün məhkumlara şamil edilən kütləvi qərar deyil.
Onun sözlərinə görə, amnistiyanın aydın hüquqi şərtləri və məhdudiyyətləri var və bütün cinayət növlərinə tətbiq olunmur. Bu baxımdan amnistiyanın selektiv xarakter daşıması qanunvericiliyin mahiyyətindən irəli gəlir. Ə.Nuriyev vurğulayıb ki, ikinci maddəyə münasibətdə yeddinci maddənin tətbiqi mümkün deyil. Çünki ikinci maddədə açıq şəkildə göstərilir ki, amnistiya yalnız altıncı maddədə nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla tətbiq oluna bilər. “Yeddinci maddə isə ikinci maddə üçün məhdudlaşdırıcı norma rolunu oynaya bilməz”, - hüququşünas vurğulayıb.
Ekspert əlavə edib ki, ikinci maddədə artıq yeddinci maddədə nəzərdə tutulan hallar istisna kimi göstərildiyindən, burada hüquqi ziddiyyət mövcud deyil. Məhkumiyyətin bitməsinə az müddət qalması, cəzanın azaldılması və ya digər oxşar mexanizmlər hüquqi baxımdan normal hesab olunur. Onun fikrincə, yeddinci maddənin heç bir bəndi ikinci maddəyə tətbiq edilə bilməz, çünki bu maddə əlavə məhdudiyyət yaratmır.
Əliməmməd Nuriyev bildirib ki, bu amnistiya aktında qanunvericilik baxımından ziddiyyət yoxdur və humanizm, mərhəmət prinsipləri kontekstində hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz. “Burada emosional yanaşma yox, hüquqi iradə var. Qanunvericilik iradəsi bu formada ortaya qoyulub və amnistiya da məhz bu çərçivədə qəbul edilib”, – deyə o vurğulayıb.
Ekspertin fikrincə, amnistiya başqa bir formada da qəbul edilə bilərdi, lakin hazırkı variant qanunverici orqanın siyasi və hüquqi seçimidir. O qeyd edib ki, qanunvericilikdə amnistiyanın mütləq müəyyən şəxsləri əhatə etməsi ilə bağlı tələb yoxdur və tətbiq şərtləri tam şəkildə qanunvericinin iradəsi ilə müəyyən edilir. Bu səbəbdən mövcud amnistiya aktına normal yanaşmaq lazımdır.
Elvin Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
Ə kişi olun insaniyyətliyiniz olsun o həbs edilən qız uşaqlarını cavan oğlan uşaqlarımızı buraxın onların həyatını cavanlığını əllərindən almayın. Sizin də uşaqlarınız var Allahdan qorxun. Əgər bu millətdənsinizsə bunu edin