Florida danışıqları Kiyevlə Kreml arasında birbaşa telefon danışığına yol aça bilər və ABŞ bunu potensial "diplomatik qələbə" adlandırır.

“AzPolitika” xəbər verir ki, “Fox News”-un danışıqlardan xəbərdar olan mənbəyə istinadla verdiyi məlumatda belə deyilir.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenski ilə Mar-a-Laqodakı görüşü Ukrayna Prezidenti ilə Vladimir Putin arasında beş ildən çox müddət ərzində ilk birbaşa telefon danışığının yolunu aça bilər.

Mənbənin sözlərinə görə, Zelenski ilə Putin arasında birbaşa telefon danışığının mümkünlüyü sülh danışıqlarına hazırlıqda əsas irəliləyiş kimi qiymətləndirilir. Anonimlik şərti ilə danışan mənbə bildirib ki, "Əgər Putin bazar günü telefon danışığına qoşulsaydı, bu, sülh danışıqlarına hazırlıqda ən böyük nailiyyət və sülh prosesində ilk real addım, Prezident Tramp üçün isə diplomatik qələbə olardı".

Mənbə qeyd edib ki, Zelenski ilə Putin arasındakı dərin şəxsi gərginlik nəzərə alınmaqla, Tramp hazırda "ən uğurlu vasitəçi" kimi görünür.

Eyni zamanda, mənbə qeyd edir ki, əsas maneə Putinin Zelenski ilə birbaşa danışmaq istəməməsidir. Onlar sonuncu dəfə 2020-ci ildə danışıblar. Buna baxmayaraq, Vaşinqton hesab edir ki, ABŞ-nin iştirak etdiyi hazırkı danışıqlar Moskvanı birbaşa iştiraka məcbur edə bilər. Müzakirələr ABŞ-nin dəstəklədiyi 20 bəndlik sülh planı üzərində cəmləşib. Amerika rəsmilərinin fikrincə, bu planın artıq təxminən 90%-i həyata keçirilib və indi o, tərəflər arasında birbaşa ünsiyyət tələb edir.

Ağ Ev və Amerika vasitəçiləri etiraf edirlər ki, Zelenski ilə Putin arasında hətta tək bir telefon danışığı belə dönüş nöqtəsi və tərəflərin pərdəarxası təmaslardan birbaşa dialoqa keçməyə hazır olduqlarının ilk real siqnalı ola bilər.

“AzPolitika.info”