Fransa Prezidenti Emmanuel Makron yanvarın əvvəlində Parisdə “istəkli ölkələr koalisiyası”nın görüşünün keçiriləcəyini açıqlayıb. Makron bildirib ki, bu görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri çərçivəsində hər bir ölkənin konkret töhfəsi razılaşdırılacaq.
Fransa lideri qeyd edib ki, o, digər Avropa ölkələrinin rəhbərləri ilə birlikdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Floridada baş tutan görüşün yekunları üzrə telefon danışığında iştirak edib. Makron əlavə edib ki, bundan sonra Zelenski ilə ayrıca telefon danışığı da aparıb.
Emmanuel Makronun sözlərinə görə, yanvar ayında ABŞ Prezidenti Donald Tramp Ukrayna və Avropa nümayəndələrini qəbul edəcək və təhlükəsizlik zəmanətləri məsələsi bu görüşlərin əsas mövzularından biri olacaq.
Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də vurğulayıb. O, Tramp və Zelenski ilə aparılan telefon danışığında iştirak etdiyini bildirərək, Avropanın bu prosesdə mövqeyini açıqlayıb.
“Avropa Ukrayna və amerikalı tərəfdaşlarımızla əməkdaşlığı davam etdirməyə və əldə olunmuş irəliləyişi möhkəmləndirməyə hazırdır. Bu səylərdə ilk gündən etibarən möhkəm, dəmir təhlükəsizlik zəmanətlərinin olması son dərəcə vacibdir”, – deyə Ursula fon der Lyayen bildirib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Avropa və ABŞ-dən gözlədikləri təhlükəsizlik zəmanətlərini sadalamışdı. Onun sözlərinə görə, bu zəmanətlərə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfər səviyyəsində saxlanılması, Ukraynanın Avropa İttifaqına üzvlüyü, eləcə də Kiyevin “havada, quruda və dənizdə”, enerji və maliyyə sahələrində təhlükəsizliyinin təmin olunması daxildir. Zelenski əlavə edib ki, Ukrayna ABŞ-dən Konqres səviyyəsində hüquqi cəhətdən təsbit olunmuş təhlükəsizlik zəmanətləri əldə etməyə çalışır.
Avropa liderləri isə öz növbəsində Ukraynaya NATO-nun beşinci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi imkanlarını müzakirə ediblər. Həmin maddə alyansa üzv ölkələrdən birinə hücum olacağı təqdirdə kollektiv dəstəyin göstərilməsini nəzərdə tutur.
Rasim
“AzPolitika.info”

Şərhlər