ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə zərbə endirib.

APA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, ABŞ raketlərindən biri Karakasdakı sursat anbarına düşüb.

Bir qədər əvvəl prezident Nikolas Maduro Çin səfiri ilə görüşüb. Prezident sarayına gedən yollar bağlanıb.

Kolumbiya prezidenti Qustavo Petro Venesuelaya hücumla bağlı BMT-nin və Amerika Dövlətləri Təşkilatının təcili iclaslarının çağırılmasını istəyib. 

***

Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub.

"Report" xəbər verir ki, bu barədə "A Haber" AFP agentliyinə istinadən bildirib.

"Karakasda silsilə partlayışlar olub. Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub", - məlumatda deyilib.

Telekanal yerli mediaya istinadən qeyd edib ki, ABŞ Venesuelaya hava və dənizdən genişmiqyaslı hücuma başlayıb. Yüzlərlə qanadlı raket paytaxtdakı hədəfləri vurub.

"Associated Press" agentliyinin məlumatına görə, Karakasda 7 partlayışın olduğu bildirilib və alçaqdan uçan təyyarələr qeydə alınıb. Bəzi sakinlər küçələrə qaçıb.

Venesuela hakimiyyəti partlayışların səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib. 

***

Venesuelada atəş səsləri eşidilməkdə davam edir.

APA xarici KİV-ə istinadən xəbər verir ki, yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər.  ABŞ-nin Karakasa desant qüvvələri endirməsi barədə məlumatlar yayılıb.

Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.

**

Venesuelada partlayışlar qeydə alınıb.

APA xarici KİV-ə istinadən xəbər verir ki, Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır.

Məlumata görə, paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib.

Bəzi yerli mənbələr partlayışların hava hücumu nəticəsində baş verdiyini iddia edir. İlkin məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela hərbi obyektlərinə hücum edib, Karakasdakı hava bazalarına zərbələr endirilib. Karakas üzərində təxminən on ABŞ helikopteri müşahidə edilib. Görüntülərdə hücum təyyarəsi də qeydə alınıb.

Məlumatlara görə, ölkənin şimalındakı Vargas ştatında Hərbi Dəniz Akademiyasının yerləşdiyi dəniz bazasına da ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələri qırıcı təyyarələri havaya qaldırıb.