“ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat, Prezident Nikolas Maduronun ələ keçirilməsi və ABŞ-yə gətirilməsi, bunun BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan baş verməsi, yalnız Latın Amerikası üçün deyil, bütün dünya üçün mühüm hadisədir. Beynəlxalq hüquq baxımından bu, suverenlik prinsipinin və müharibədən sonrakı güc tətbiqi arxitekturasının birbaşa pozulmasıdır”.

“AzPolitika” bildirir ki, bunları siyasi təhlilçi, Xəzər Universitetinin professoru Ramiz Yunus dilə gətirib.

Professor vurğulayıb ki, ABŞ 1945-ci ildən bəri dünya nizamının memarı və əsas qarantı olmasına baxmayaraq, indi özü həmin sistemi pozur. O qeyd edib ki, bu əməliyyat köhnə qaydaların qorunması deyil, onun dizaynının dəyişdirilməsidir.

Ramiz Yunus deyib ki, SSRİ-nin dağılmasından sonra dünya qeyri-rəsmi unipolyar sistemdə mövcud olub. Bu sistem hüquqi baxımdan formal deyildi, amma siyasi olaraq qəbul edilmişdi: ABŞ arbitrdir, beynəlxalq hüquq universal dil, qaydalar isə gücün legitimləşdirilməsi mexanizmi idi. Hətta Qərb hərbi əməliyyatları belə normativ və istisnaçı ritorika ilə müşayiət olunurdu ki, bu da sistemin sabitliyi illüziyasını yaradırdı.

Professor Yunus vurğulayıb ki, bu sistemdə ilk ciddi çatlar 2007-ci ildə Vladimir Putinin Münhen çıxışı ilə meydana çıxıb, Rusiya açıq şəkildə ABŞ-nin qərarvermə monopoliyasını qəbul etmədiyini bəyan edib. Ardınca 2008-ci ildə Gürcüstanla müharibə, 2014-cü ildə Krımın ilhaqı, 2022-ci ildə isə Ukraynaya genişmiqyaslı müdaxilə baş verib. Bu addımlar beynəlxalq hüququ kobud şəkildə pozub, amma uzun müddət sadəcə “sistemə qarşı çıxan revizionist” hərəkətlər kimi qəbul olunub.

Ramiz Yunus qeyd edib ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma başladıqdan sonra öz mövqeyi radikal şəkildə dəyişdi. Rusiya böyük dövlət statusunu bərpa etmək əvəzinə, uzunmüddətli müharibə, strateji zəifləmə, texnoloji geriləmə və Çin asılılığının artması ilə üzləşib. Bu səbəbdən Rusiya hazırda yeni dünya polu deyil, siyasi və iqtisadi baxımdan zəifləmiş, hərbi baxımdan təhlükəli, resurs və sağ qalma limitləri ilə müəyyənləşən aktordur. Professor vurğulayıb ki, Rusiyanı ABŞ və Çinlə eyni sıraya qoymaq real güc balansını nəzərə almamaq deməkdir.

O əlavə edib ki, bu müddət ərzində Çin sistemi sarsıtmaq üçün radikal addımlar atmır, lakin alternativ – iqtisadi, maliyyə və institusional sistem qurur. Pekin xaosla deyil, Qərb mərkəzli sistemin idarə olunan dekonstruasiyası ilə maraqlanır.

Professor vurğulayıb ki, bu kontekstdə ABŞ-nin Venesuela əməliyyatı keyfiyyətcə dönüş nöqtəsidir. O bildirib ki, əvvəllər beynəlxalq hüququn pozulması sistemə qarşı çıxan qüvvələrdən gəlirdi, indi isə bu fəaliyyətin mərkəzində özü sistemin qarantı dayanır. Ramiz Yunus deyib ki, arbitrin eyni qaydalarla oynamağa başlaması ilə arbitraj mövcudluğunu itirir. Əməliyyatın miqyası ikincidir; əsas məsələ presedent yaratmaqdır. Bundan sonra hüquq hətta onu yaradanlar üçün də mütləq olmaz.

Professor qeyd edib ki, dünya “hüququn gücündən” “güclünün hüququna” keçir. Bu dərhal qlobal sistemin dağılması demək deyil, amma normativ universalığın sonu deməkdir. Onun sözlərinə görə, normativlər yalnız məna etibarı ilə saxlanır, faydalı olduğu müddətcə. Beynəlxalq institutlar son instansiyanın rolunu itirir, yerini situativ koalisiyalar, razılaşmalar və təhdid balansları tutur.

Ramiz Yunus bildirib ki, Ukrayna üçün bu 2026-cı ilin avtomatik sülh ili olmayacağını göstərir. Belə ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsi abstrakt ədalət və ya deklarasiyalarla deyil, Ukraynanın hərbi dayanıqlığı, Rusiyanın məhdud resursları və Avropanın ardıcıl dəstəyi ilə müəyyənləşəcək. Professor əlavə edib ki, Avropa İttifaqı üçün Ukraynaya yardım artıq həvəs və ya həmrəylik məsələsi deyil, öz təhlükəsizliyinin təminatı məsələsidir.

Ramiz Yunus qeyd edib ki, Cənubi Qafqaz üçün köhnə nizamın dekonstruasiyası daha sərt reallıq yaradır. Rusiyanın zəifləməsi bölgəyə nəzarət etmək qabiliyyətini azaldır, amma qlobal qaydaların yoxluğu Azərbaycan və Ermənistan arasında müharibənin nəticəsini soyuq hesablamaya çevirir. Professor vurğulayıb ki, Ermənistanın parlament seçkiləri və konstitusiyanın yenidən nəzərdən keçirilməsi strateji əhəmiyyət kəsb edir, xüsusən də Azərbaycanla bağlı ərazi iddialarını ehtiva edən maddələr sülh üçün real maneədir.

Ramiz Yunus deyib ki, Ermənistan cəmiyyəti vəziyyəti soyuqqanlı qiymətləndirməlidir. Hazırda Ermənistan zəif tərəf, Azərbaycan isə müharibənin qalibi və Cənubi Qafqazın faktiki lideridir. Qlobal xaos şəraitində revanşizm riskləri artırır, gələcəyi itirmək deməkdir. Əksinə, güclü qonşu ilə sülh müqaviləsi təhlükəsizlik, inkişaf və regional izolyasiyadan çıxış üçün imkan açır.

Ramiz Yunus yekunda vurğulayıb ki, 2026-cı il dönüş ilidir: köhnə referenslər artıq işləməyəcək, yeni qaydalar isə hələ formalaşmayıb. Venesuela hadisələri yalnız əməliyyat deyil, beynəlxalq hüququn üstünlük təşkil etdiyi sistemin sonunun simvoludur. O xatırladıb: “Qanun güc olmadan mövcud olduqda, güc qanun olur”.

Ramiz Yunus vurğulayıb ki, bu aforizm sadəcə gözəl ifadə deyil, baş verənləri əks etdirir: hüquq gücə yol verir və dünya yeni, daha turbulensiyalı dövrə daxil olur.

Rasim Əliyev

“AzPolitika.info”