Menu

Xədicə İsmayılı tutduran şikayətini geri götürür- "Peşmanam" - Audio

27.12.2014, 12:44
Xədicə İsmayılı tutduran şikayətini geri götürür- "Peşmanam" - Audio

Xədicə İsmayılın həbsinə səbəb olan jurnalist Tural Mustafayev şikayətini geri götürmək istədiyini bildirib. Tural Mustafayev “Qafqazinfo”ya açıqlamasında etdiyi hərəkətdən peşman olduğunu bildirib: "Hazırda heç bir açıqlama vermək istəmirəm. Müstəqil vəkil axtarıram. Peşmanam. Yəqin ki, ərizəmi geri götürdükdən sonra hakimiyyət məni həbs edəcək. Ərizəmi nə üçün geri götürdüyümün səbəblərini vəkil tapdıqdan sonra açıqlayacam. Məncə, yazdığım ərizəyə görə Xədicəni həbs etmişdilərsə, indi də onun barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv eləsinlər. Şəxsi münasibətləri ictimailəşdirməyə ehtiyac yox idi".

Qeyd edək ki, T.Mustafayev bu barədə özünün facebook hesabında da yazıb: “Müstəqil vəkillərdən kömək istəyirəm. Xədicə İsmayila qarşı verdiyim şikayət ərizəsini geri götürürəm. Kimsə təcili kömək eləsin. Həbs təhlükəsi var. Qorxu həbs olunmağım deyil, sadəcə vaxt edib şikayət ərizəsini götürməmiş həbs oluna bilərəm. Bəyan edirəm Xədicə İsmayila qarşı verdiyim ərizəni geri götürmək istəyirəm və bunu edəcəm”.

Mustafayev faktı Meydan Tv-yə də təsdiqləyib: “Xədicə İsmayıla qarşı verdiyim ərizəni geri çəkirəm və barışığa gedirəm. Müstəqil vəkil axtarıram. Ola bilsin ərizəmi geri götürəndən sonra özümü həbs etsinlər. Həbsim problem deyil. Sadəcə vaxt tapıb ərizəmi geri götürmək istəyirəm. Təcili kimsə mənimlə əlaqə saxlasın. Nümayəndəm var, Ruslan Əliyev, mən onunla danışdım, hazırda ərizəni geri götürmək üçün işləyir. Ancaq nümayəndə ilə olmur, vəkil lazımdır. Cavad Cavadlı, Elçin Sadıqov... O birilər Xədicənin vəkilləridir, onlar mənə vəkillik edə bilməyəcəklər. Anar Qasımlı və ya kimsə bunu boynuna götürə bilərsə, götürsün”.

Tural Mustafayev açıqlamasında artıq ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. Onun sözlərinə görə, Moskvaya getmək istəyərkən geri qaytarılıb: “Çox güman ki, bu hadisədən sonra həbs edəcəklər. Baş Prokurorluq tərəfindən ölkədən çıxışıma qadağa qoyulub. Hansı əsasla qoyulduğu bilinmir. Hazırda Qəbələ aeroportundan qayıdıram. Aeroportda bildirdilər ki, noyabrın 26-da ölkədən çıxışıma qadağa qoyulub. Hansı əsasla qoyulduğu da bilinmir. Mən zərərçəkmiş şəxsəm. Zərərçəkmiş şəxsə də qadağa qoyulmur. Yəqin ki, ölkədən çıxandan sonra ərizəmi geri çəkəcəyimdən qorxurdular. Xədicəni həbsdə saxlamaq üçün edilib. Buna görə ölkədən çıxışıma qadağa qoyulub. Hər bir halda ərizəmi geri götürürəm”.

Tural Mustafayev açıqlamasından təxminən 10 dəqiqə sonra təkrar Meydan TV ilə əlaqə saxlayaraq, polis tərəfindən saxlanıldığını deyib. O, bu barədə öz facebook səhifəsində də yazıb.

 

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol