ABŞ Prezidenti Donald Tramp ölkənin Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) Qrenlandiya ilə bağlı mümkün hərbi ssenariləri əhatə edən genişmiqyaslı planın hazırlanması barədə göstəriş verib.
"AzPolitika" “The Mail on Sunday” nəşrinə istinadən yaydığı məlumata görə, Tramp Qrenlandiyanı onun mühüm geostrateji mövqeyi və zəngin faydalı qazıntı ehtiyatları səbəbindən ABŞ-ın nəzarətinə keçirməyi məqsədəuyğun hesab edir.
O, müxtəlif vaxtlarda adanın ABŞ üçün əhəmiyyətini vurğulayıb və onun ölkəyə birləşdirilməsinin vacibliyini dilə gətirib.
Tramp prezidentliyinin ilk dövründə Qrenlandiyanı Danimarkadan satın almaq təşəbbüsü ilə çıxış etmiş, 2025-ci ilin mart ayında isə adanın ilhaqının mümkünlüyünə inandığını açıq şəkildə ifadə etmişdi.
Danimarkanın Baş naziri Mette Frederiksen bu mövqeyə qəti etiraz edərək Qrenlandiyanın Danimarka Krallığının ayrılmaz tərkib hissəsi olduğunu bəyan edib.
Qeyd edək ki, Qrenlandiya Danimarkaya məxsus muxtar ərazidir. 1951-ci ildə ABŞ və Danimarka NATO çərçivəsində əməkdaşlıqla yanaşı, Qrenlandiyanın müdafiəsinə dair xüsusi saziş imzalayıblar. Həmin razılaşmaya əsasən, ABŞ adanın xarici təhlükələrdən qorunmasında öhdəlik daşıyır.
"AzPolitika.info"

Şərhlər