Politoloq Elxan Şahinoğlu bildirir ki, Türkiyə ABŞ-nin İrana mümkün hərbi müdaxiləsinə açıq şəkildə qarşı mövqe tutur və bu, Ankara üçün məntiqli yanaşmadır. Onun sözlərinə görə, ABŞ-nin keçmişdə İraqa və Suriyaya yönəltdiyi hərbi əməliyyatlar Türkiyəyə ciddi problemlər yaradıb. Ona görə də Ankarada hesab edirlər ki, Vaşinqtonun İrana müdaxiləsi yeni risklər və təhlükələr gətirəcək.

E.Şahinoğlu qeyd edir ki, bu səbəbdən Ankara ABŞ-la intensiv təmaslara başlayıb və mümkün hərbi ssenarilərin qarşısını almağa çalışır. Öz növbəsində Tehran da Türkiyənin vasitə imkanlarından istifadə etməyə üstünlük verir. ABŞ Prezidenti Donald Tramp İranda baş verən qətliamlar fonunda İran rəsmiləri ilə təmasları dayandırdıqdan sonra Tehran Ankaraya müraciət edib.

İran və Türkiyə xarici işlər nazirləri — Abbas Əraqçi və Hakan Fidan 24 saat ərzində iki dəfə telefon danışıqları aparıblar. Tehran Ankaradan Vaşinqtonu mümkün müdaxilə ssenarilərindən imtina etməyə inandırmasını istəyir.

E.Şahinoğlu vurğulayır ki, danışıqlardan sonra Hakan Fidan ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakla görüşüb. Barrak həm səfir, həm də Donald Trampın yaxın dostu kimi prezidentlə birbaşa əlaqə imkanına malikdir və Ankaranın mövqeyini birbaşa Trampa çatdıracaq.

Politoloqun qənaətinə görə, ABŞ prezidenti İrana hərbi müdaxilə qərarı qəbul etsə, Türkiyənin maraqları nəzərə alınmaya bilər. Buna baxmayaraq, Ankara İranda vəziyyətin sabitləşməsini və dövlətin ərazi bütövlüyünü dəstəkləyir.

“Türkiyə unutmur ki, İrandakı hakimiyyət illərdir PKK-ya dəstək verib və regiondakı təhlükəsizlik balansına ciddi təsir göstərir...”, - deyə Şahinoğlu qeyd edib.

“AzPolitika.info”