Azərbaycanda sosial təminat sistemi son illərdə rəqəmsallaşma və bəzi islahatlarla gündəmə gəlsə də, rəsmi rəqəmlərin arxasındakı mənzərə ciddi suallar doğurur. Bir tərəfdə 18 min manatlıq "astronomik" pensiyalar, digər tərəfdə isə indeksləşmə sistemindən belə kənarda qalan 166 minlik "müavinət ordusu".
Dövlət Statistika Komitəsinin 2025-ci ilin iyul ayı məlumatlarına görə, ölkədə 1 milyon 103 min 300 nəfər pensiyaçı var. Bu, ölkə əhalisinin cəmi 10,8%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, əhalinin sayına nisbətdə pensiyaçıların payı Gürcüstanda 23,8%, Ermənistanda isə 16,6%-dir. Azərbaycandakı bu aşağı göstərici əhalinin gənc olması ilə deyil, pensiya hüququ qazanmaq üçün qoyulan sərt bariyerlərlə (65 yaş həddi, 25 illik staj və ya yüksək kapital tələbi) izah olunur.
Sistemin ən ağrılı yeri pensiya hüququ qazana bilməyən və "yaşa görə müavinət" alanların sayındakı kəskin artımdır. Belə ki, 2020-ci ildə 82 400 nəfər olan müavinət alanların sayı, 2025-ci ilin sonunda 166 100 nəfərə çataraq iki dəfədən çox artıb.
Hər il yanvarda pensiyaçılar orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq (məsələn, 2026-cı il üçün 9.2%) avtomatik artım aldıqları halda, müavinət alanların 220 manatı illərlə yerində sayır. Müavinət alan şəxs inflyasiya qarşısında tamamilə müdafiəsizdir və yalnız bir neçə ildən bir verilən xüsusi fərmanlara bağlıdır.
Hökumət orta pensiya məbləğinin 538 manatı keçdiyini bəyan etsə də, daha dürüst göstərici olan median pensiya (əhalinin tam yarısının aldığı məbləğ) cəmi 400 manat civarındadır. Beləliklə, ölkədəki pensiyaçıların təxminən 50%-i 320-400 manat arası məbləğlə dolanır. Orta rəqəmin "şişməsinə" səbəb isə azsaylı yüksək vəzifəli şəxslərin aldığı minlərlə manatlıq pensiyalardır. Azərbaycanda 150 mindən çox şəxs "xüsusi şərtlərlə" pensiya alır. Burada mülki vətəndaşla məmur- deputat təbəqəsi arasında keçilməz uçurum var:
Sabiq deputat və hakimlər: Maaşlarının 80%-i həcmində (təxminən 6000 AZN) pensiya alırlar. Vəzifədə olanların maaşı artdıqca, onların pensiyası da avtomatik yüksəlir.
Sabiq yüksək vəzifəli məmurlar: Bəzi sabiq nazir və rəhbər şəxslərin pensiyası 10 000 manatı ötür.

Milyonçu pensiyaçılar: Beynəlxalq neft şirkətlərindən (məsələn, BP) təqaüdə çıxan bəzi şəxslər ayda 18 000 - 19 000 manat pensiya alırlar.
Sıravi vətəndaşın 320-400 manat aldığı bir sistemdə, bir şəxsə bu məbləğdən 60 dəfə çox pensiya verilməsi sosial sığorta həmrəyliyi prinsipinə ziddir.
Qeyd edək ki, bu ilin yanvarından tətbiq olunacaq 9.2 fazilik indeksləşmə yüksək pensiya alanlara da şamil olunur və nəticədə onların pensiyası 400-1000 manat civarında artır. Bu, minimum və median pensiya alanların əldə etdiyi aylıq gəlirin bir neçə qatına bərabər olmaqla ədalətsizliyi göz önünə sərir.
Onu da vurğulayaq ki, yaşa görə müavinət alanların 64%-ni qadınların təşkil etməsi xüsusi bir problemdir. Qadınların əmək bazarında rəsmi qeydiyyatdan kənarda qalması və ya evdar olması onların qocalıqda indeksləşmə hüququndan məhrum, 220 manatlıq müavinətə məhkum edilməsi ilə nəticələnir.
Məlum olur ki, Azərbaycanın pensiya sistemi yüksək gəlirliləri və sabiq məmurları qoruyan, aşağı təbəqəni isə "müavinət tələsinə" salan mexanizmə çevrilib.
Buna görə də, müavinətlərin indeksləşdirilməsi mütləqdir, əks halda 166 min vətəndaşın alıcılıq qabiliyyəti hər il 10% əriyəcək.
Eyni zamanda pensiya tavanı tətbiq olunmalıdır - büdcə vəsaitləri astronomik pensiyalar üçün deyil, minimum həddin insan ləyaqətinə uyğunlaşdırılması üçün sərf edilməlidir.
Sosial ədalətsizliyin ən çılpaq göründüyü yer rəsmi ödənişlərin dövlətin özünün müəyyən etdiyi yaşayış minimumu ilətoqquşduğu nöqtədir.
2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, pensiyaçılar üçün isə 245 manat müəyyən edilib. İlk baxışda 320 manatlıq minimum pensiya bu həddən yuxarı görünür. Lakin reallıq tam fərqlidir:
| Göstərici | Rəsmi məbləğ | Real durum |
| Yaşa görə müavinət | 220 AZN | Yaşayış minimumundan (300 AZN) 80 AZN aşağı. |
| Minimum pensiya | 320 AZN | Pensiyaçılar üçün minimum həddən (245 AZN) cəmi 75 AZN çox. |
| Real ərzaq səbəti | ~350 AZN | Bir nəfərin sağlam qidalanması üçün lazım olan real məbləğ. |
Rəqəmlərdən göründüyü kimi, 166 min vətəndaşın aldığı 220 manatlıq müavinət dövlətin müəyyən etdiyi 300 manatlıq yaşayış minimumuna belə çatmır. Bu vəsaitlə bir ay ərzində həm ərzaq almaq, həm dərman xərclərini ödəmək, həm də işıq-qaz pulunu vermək praktiki olaraq qeyri-mümkündür.
Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə ərzaq inflyasiyasının davam etməsi fonunda real "ərzaq səbəti"nin (yalnız minimum qida normaları) dəyəri 350 manatı ötür.
320 manat alan pensiyaçı bütün ay boyu hər gün cəmi 10 manat 60 qəpik xərcləmək məcburiyyətindədir. Bu məbləğə 3 dəfə qidalanma, nəqliyyat, dərman və kommunal xidmətlər daxildir.

Bu rəqəm, təqüdə çıxan deputatın, nazirin, hakimin bir günlük (təxminən 200 AZN) pensiya pulunun cəmi 5%-nə bərabərdir.
Dövlətin 245 manatlıq "pensiyaçılar üçün yaşayış minimumu" hesablama metodikası da hələ də köhnə standartlara əsaslanır. Bu hesaba bir pensiyaçının ayda cəmi bir neçə kiloqram ət yeməsi, minimal kommunal xidmət istifadəsi daxil edilib. Lakin yaşlı insanların səhiyyə və dərman xərclərinin artan dinamikası bu "zəmbili" alt-üst edir.
Statistika quru rəqəmdir, reallıqisə 320 manatla dolanmaq məcburiyyətində olan Azərbaycan insanıdır. Beləliklə, qarşımızda paradoksal bir mənzərə yaranır: Hökumət bir tərəfdən ərzaq səbətinin bahalaşdığını qəbul edərək yaşayış minimumunu 300 manata qaldırır, digər tərəfdən isə 166 min vətəndaş 220 manatla yarşamaq məcburiyyətində buraxılır. Bu isə 100 milyonlarla manat toplanan sosial sığorta fondundan ədalətli bölgü aparılmadığı, Səlim Müslümovun anormal pensiya sisteminin qorunması nəticəsində ölkə əhalisi arasında getdikcə dərinləşən sosial uçurumu göstərir.
E.Rüstəmli
“AzPolitika.info”

Şərhlər
Neft qaz milyardları gələn ölkədə vəziyyətimiz yaxşı deyil. Görəsən bu visdansızlar nə fikirləşirlər. Bu millətin axırına çıxmaq istəyirlərmi
Keçən il sosial yardım təyin olunub adam başına düşən meyar 285azn olanda. Bu il isə həmin meyar 300 AZN oldu deyirlər sosiyallar bu 2026 ci ildə təyin olanlara aiddir . Yəni ölkədə 2026 artımları ərzaq yanacaq kommunal və sair 2025 də sosial alanlara aid deyil görəsən ???...
Ümümiyyətlə Azərbaycanda 10%yağ-bal içində yaşayır yerdə qalan 90%sürünür alınan maaş və pensya ayın 10-cu gününə kimi bitir yerdə qalan 20 günü ac-yalavac yaşayırlar
42 il əmək stajım var. 2006 dan əvvəl 25 il olub.2025 ci ilin mart ayında pensiyaya çıxdım məbləğ 320 mam
Bu hökumətin sosial siyasəti sıfırdır. Yalnız özlərini düşünürlər. Keçmiş sovet ölkələrindən ən aşağı
maaş, ən aşağı sosial vəziyyət bizdədir.
Bu pensiya sistemi 125 neferlik deputatlarin aglinin mehsuludurmu, yoxsa, bir merkezden gelen tapshirigin icrasi? Qoy gedib 2006-ci ile qeder olan pensiya qanunundan numune gotursunler!
Bəli, mütləq pensiya tavanı tətbiq olunmalıdır - büdcə vəsaitləri astronomik pensiyalar üçün deyil, minimum həddin insan ləyaqətinə uyğunlaşdırılması üçün sərf edilməlidir.
Pensiya sistemindəki problemlər populist yozumlarla deyil, peşəkar mütəxəssislərin rəyləri əsasında hazırlanmış qərarlarla tənzimlənməlidir.
Bu rəqəmləri qoyun bir tərəfə.Məsələ ondadır ki,bizim əksəriyyətimizin 2006 cı ilə qədər sosial müdafiə fonduna köçürülən pullarımız indi nəzərə alınmadı.Hal- hazırda isə yüksək əmək haqqı və digər gəlirləri olanların kapitalları da çox hesablanır.Mən təklif etdim ki.1000 manata qədər pensiya alanların artımı 25-30 ,2000 minə qədərlər 5% ,2000-5000-10000-15000 və s olanlar isə 1% artırılsın.Bu kateqoriyalı insanlara pensiya verməsən də heç ehtiyac olmayacaq.Ancaq bunu etmək üçün iradə və istək olmalıdır.Sadəcə bu faizləri tənzimləmək olar.
Qanun dəyişdirilməlidir.Pensiya fondu ləğv edilməlidi.Hər bir vətəndaş bankda özü üçün pensiya hesabı açmalı və öz pensiya kapitalını orada toplamalıdı.Pensiya yaşına çatdıüda isə özü öz hesabında topladığı fonddan istifad etmlidi.Bu dövlətə də,vətəndaça da çox sərfəli olar.Hər kəs öz halal qazancını yeyər.Lazım gəlsə bunun layihəsini də verə bilərəm.
Pensiya və müavinətlərin maliyyələşməsi onsuzda bu zamana qədər "toplanmış vəsait" hesabına maliyyələşmir. Toplanmış vəsait digər ölkələrdən fərqli olaraq (hətta Rusiyada bu vəsaitin toplandığı ayrıca fond var) bizdə hökümət tərəfindən həmən xərclənir. Odur ödənən vəsait 2 mənbədən götürülür: 1. Təbii sərvətlərin satışından gələn gəlirdən2. Gənclərdən indi pensiya fonduna tutulan vəsaitdən. Beləliklə hər pensiya "övladlarımız dan alıb valideynlərə verilən vəsait" və milli sərvətdən pay hesabına ödənir. Odur ki, bu vəsaitlərin arasındakı fərq cox az olmalıdır . Kim qocalıqda cox pensiya almaq istəyirsə xüsusi fondlara (dövlətin olmayan, amma nəzarət imkanlı) əlavə vəsaitlər toplamaq ilə bunu edə bilər.
Boş-boş danlşlglar qanun yazanlarln vecinə deyil.
Nəgədər istəyirsiz danlşln.
Bu məqaləni prezidentin stolunun üstünə kim qoysun?
Açıq urey əməliyatı keçirmişəm mən hərbidə işləmişəm mülküde indi ne ise götürürlər nede işləyə bilmirəm necə yasayim bes
MƏHKƏMƏ SƏDRI 8000 MANAT PENSIYA ALIR...5 YERDE VILLASI VAR.............
Anadangəlmə sol barmarınişləməməsi 3qurup əliç
Müslümov işdən çıarıldığı neçə ildir?Bəs niyə onun yanlışlıqlarını aydaya salan ortada yoxdur? ... Məsələ müzakirəyə çıxarılmalı və xalqın arasnda ayrıseçkilik.narazılıq yaradan səbəblərin aradan qaldırlmasına və normallaşmasına yönəlik işlər görülməlidir.
Əhalinin pensiya təminatı vahid metodla hamı üçün bir qaytdada hesabanmadır.Burada ayrıseçkilik,müxtəlif formul qəbuledimzdir. İndiki hesabama zamanı tətbiq olunan müxtəlif şkala böyük narazılıq yaratdığı sirr deyil
Orta pensiya məbləği deyilir ki, 538 manatı keçdi, olsun, ancaq orta göstərici heç də real vəziyyəti əks etdirmir. Orta pensiya məbləği o halda effektli olar ki, pensiya məbləğləri arasındakı fərq, (aşağı və yuxarı pensiyalar nəzərdə tutlur) biri-birindən kəskin fərqlənməsin, yəni aşağı məbləğlə, yuxarı məbləğ arasındakı fərq nisbəti 2 dəfədən artıq olmasın. Bizdə isə tutaq ki, 10 nəfərin pensiyası ortalama bir nəfər üçün 300 manat, iki nəfərin isə pensiyası ortalama bir nəfər üçün 2000manat olarsa, bu halda orta pensiya 10x300=3000man. 2x2000=4000man. və nəhayət (3000+4000) 7000 : 12=583 manat olacaqdır.. Beləliklə yuxarıda yazılanların təsdiqi kimi 10 nəfər "sürünəcək", iki nəfər isə yağ-bal içində yaşayacaq. Bu da bizim ağızdolusu tərifli "sosialyönümlü" pensiya sistemimiz...???
Doğru və əsaslı araşdırmadır.Bu məlumatların möhtərəm Prezidentə çatdırılmasına mütləq çalışmaq lazımdır.Bəlkə Azərbaycan türklərinin ağır vziyyətdə yaşamağa məcbur edən məmrlara ciddi göstrişi oldu. Axı ölkənn resursları insanarın normal yaşamına yetərli qədər mövcuddur.Həqiqətən yaşayış günü-gündən qəsdən ağırlaşdırılır.Belə hal xaqın haqlı narazılığına səbəb olur.
Mən artıq bir neçə demişəm ki, bizdə pensiya təyinatı kökündən yanlışdır. Səlim Müslümov kimi bir fırıldağçının "memarı" olduğu bu sistem, sosial ədalətsizliyin nümunəsidir. Pensiya məbləğlərində olan minimal hədd olduğu kimi onun maksimal həddi də olmalıdır və öz aralarında olan nisbət 2 dəfədən artıq olmamalıdır, yəni minimal pensiya tutaq ki, 400 manatdırsa, maksimal pensiya 800 manatdan çox olmamalıdır. Sovet sistemində pensiyalar arasında nisbət heç 2 dəfədə deyildi, belə ki, minimal pensiya 70 rubl, maksimal isə 120 rubl idi və bu necə deyərlər sosial ədalət göstəricisi idi. Hazırda minimal pensiya alan birisi, kommunal xərclərə, dava-dərmana, qidalanmasına, əyin-başına bu pensiyanı çatdıra bilmir və demək olar ki, acınacaqlı vəziyyətdə yaşayır, 3-5 min və bəzən bundan da çox pensiya alan isə, necə deyərlər "xan kefində" yaşayır. Beləliklə, bu günkü reallığı nəzərə alaraq minimal pensiya 500-750 manat, maksimal pensiya isə 1000-1500 manat olmalıdır və bu da müəyyən qədər sosial ədalətli bir sistem olar...
500-1000 manat artımla gələn il orta pensiya məbləği 800 manat olacaq ,əla ,daha nə istəyirik ? Ölmək istəyən getsin Mazandarana