ABŞ Prezidenti Donald Tramp administrasiyasının iştirakı ilə hazırlanmış müharibəyə son qoymaq planını rədd edən Ukrayna şəhərlərinə raket hücumlarını davam etdirən Rusiyadır.

“AzPolitika” xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkəsində Trampın son bəyanatına cavab olaraq yazıb.

Tusk vurğulayıb ki, "ABŞ tərəfindən hazırlanmış sülh planını rədd edən Zelenski yox, Rusiyadır".

Polşa Baş nazirinin qeyd etdiyi kimi, Rusiyanın Ağ Evin sülh təşəbbüslərinə yeganə cavabı Ukrayna şəhərlərinə növbəti raket hücumlarıdır: "Bu səbəbdən, yeganə həll yolu Rusiyaya təzyiqi artırmaqdır. Və hamınız bunu bilirsiniz".

Xatırladaq ki, “Reuters”-ə verdiyi müsahibədə Tramp iddia edib ki, müharibəni faktiki başladan və Ukrayna şəhərlərini bombalamağı, işğalı davam etdirən Vladimir Putin guya "razılığa gəlməyə hazırdır". 

Lakin ABŞ Prezidentinin sözlərinə görə, Ukrayna belə bir razılığa gəlməyə daha az hazırdır. Tramp həmçinin iddia edib ki, məhz Zelenski müharibənin bitməsinin qarşısını alır. Baxmayaraq ki, işğala məruz qalan, üstəlik hələ işğal olunmayan ərazilərini də Rusiyaya verməyə vadar edilən məhz Ukrayna və Zelenskidir...

“AzPolitika.info”