Politoloq, Xəzər Universitetinin professoru Ramiz Yunus sosial şəbəkə hesabında Rusiyanın tarixi və müasir siyasəti ilə bağlı maraqlı paylaşım edib.

O, bildirib ki, aradan təxminən 160 il keçməsinə baxmayaraq, Fyodor Tütçevin “Rusiyanı ağıl ilə anlamaq olmaz” fikri bu gün də acı reallıq kimi qalmaqdadır. Onun sözlərinə görə, imperiyalar dağılsa da, SSRİ süqut etsə də, Rusiyanın mahiyyəti dəyişməyib.

Professor qeyd edib ki, vaxtilə Rusiyada yaşaması və təhsil alması bu ölkənin taleyinə laqeyd qalmamağına səbəb olub. Lakin onun fikrincə, bu gün Puşkinin, Tolstoyun, Dostoyevskinin ölkəsi yenidən qorxu, dağıntı və ölüm mənbəyinə çevrilib.

Ramiz Yunus vurğulayıb ki, 1990-cı illərin əvvəllərində azadlıq yolunu seçmiş Rusiyanın yenidən avtoritarizmə qayıtması, sovet üsul-idarəsinin, zorakılıq və yalan kultunun dirçəlməsi təsadüfi deyil. Belə ki, XXI əsrdə Ukrayna şəhərlərinin bombalanması, mülki infrastrukturun məqsədli şəkildə məhv edilməsi, milyonlarla insanın işıqsız, istiliksiz və susuz qoyulması faşist metodlarını xatırladır.

Politoloqun sözlərinə görə, Rusiyada imperiya ənənələri heç vaxt ciddi şəkildə dəyərləndirilməyib və tənqid olunmayıb. Çar ailəsinin güllələnməsi, qırmızı terror, deportasiyalar, aclıq, 1930-cu illərin repressiyaları Rusiyanın öz daxilində vicdanlı şəkildə müzakirə mövzusu olmayıb. Bu da Rusiyanın özünü necə gördüyü ilə dünyanın onu necə gördüyü arasında dərin uçurum yaradıb.

Ramiz Yunus əlavə edib ki, Molotov–Ribbentrop paktı, Baltikyanı ölkələrin ilhaqı, Ukrayna və Belarus torpaqlarının bölüşdürülməsi, Finlandiya ilə müharibə və SSRİ-nin Millətlər Liqasından çıxarılması Rusiyaya qarşı etimadsızlığın tarixi səbəbləridir.

Professor hesab edir ki, Rusiyanı “anlamaq” çağırışları əslində onun cinayətlərinə bəraət qazandırmaq olub. Nəticədə, əgər bir dövləti ağıl ilə ölçmək mümkün deyilsə, onu qanla ölçürlər və bu gün həmin qiyməti Ukrayna ödəyir.

Ramiz Yunus bildirib ki, Rusiya yalnız öz “Nürnberqini” keçdiyi halda sivil dünya ilə anlaşma mümkün ola bilər. Bu, təkcə stalinizm və sovet dövrünün deyil, həm də Krımın ilhaqı, Donbasdakı müharibə və 24 fevral 2022-ci ildən başlayan genişmiqyaslı Ukrayna işğalı kimi son onilliklərin cinayətlərinə də aiddir.

Politoloq vurğulayıb ki, bu müharibə Ukrayna ilə Rusiya arasında onilliklər davam edəcək dərin uçurum yaradıb və heç bir tarixi hökm həlak olanları geri qaytara bilməz.

Ramiz Yunus sonda qeyd edib ki, bu çağırış təkcə ukraynalılara deyil, həm də baş verənlərə göz yuman ABŞ və Avropaya, eləcə də öz cəmiyyətində baş verən zorakılığa susan rusiyalılara və xaricdəki liberal müxalifətə ünvanlanıb: “Tarix neytrallığı qəbul etmir və həmişə soruşur: sən harada idin?”

Rasim

"AzPolitika.info"