Son zamanlar Azərbaycanda dəm qazından həyatını itirənlərin sayında artım müşahidə olunur. Xüsusilə qış aylarında fərdi yaşayış evlərində qaz və yanacaqla işləyən isitmə sistemlərindən düzgün istifadə olunmaması ciddi təhlükələr yaradır.
Texniki nasazlıqlar, havalandırma sistemlərinin yetərsizliyi və təhlükəsizlik qaydalarına əməl edilməməsi bu cür faciəvi halların əsas səbəbləri sırasında göstərilir. Dəm qazının rəngsiz və qoxusuz olması isə insanların təhlükəni vaxtında hiss etməsinə mane olur. Mövcud vəziyyəti nəzərə alaraq, dəm qazından baş verən ölümlərin azalması üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı “AzPolitika”ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır. Onun sözlərinə görə, məişətdə qaz cihazı istifadə edilən məkanlarda mütləq şəkildə dəm qazı və qaz sızmasına qarşı detektorlar quraşdırılmalıdır.
Ekspert qeyd edib ki, dəm qazına qarşı detektor dəm qazı yarandığı anda xüsusi səs siqnalı vasitəsilə istehlakçını xəbərdar edir və bununla da insanın bu təhlükənin qurbanına çevrilməsinin qarşısı alınır: “Qaz sızmasına qarşı detektor isə qaz sızması baş verdikdə avtomatik olaraq qaz təchizatını dayandırır. Cihazlara kənar müdaxilələr, rezin şlanqlardan istifadə olunması və ya qaz cihazının qeyri-metal borular vasitəsilə bir otaqdan digər otağa keçirilməsi son dərəcə təhlükəlidir. Təəssüf ki, bu kimi hallarla tez-tez rastlaşılır. Qaz cihazlarının təmiri və ya yerinin dəyişdirilməsi işləri mütləq şəkildə ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir”.
Ekspert sonda qeyd etdi ki, qaz yanan otaqlar mütləq şəkildə mütəmadi havalandırılmalıdır: “Əgər otaqda kifayət qədər oksigen olmazsa, qazın yanma prosesi pozular və nəticədə dəm qazı riski artar. Qaz təchizatı mövcud standartlara və otağın sahəsinə uyğun olmalıdır. Boğulma halları əsasən qazın yanma prosesi düzgün getmədikdə baş verir”.
Oğuz Ayvaz
AzPolitika.info

Şərhlər
Səmt qazlarının qatılaraq əhaliyə verilməsi qazdan zəhərlənmə hallarnn artmasına ilk səbəbdir.
Ekspert qazın trkibinə diqqəti yaddan çıxarıb Əsas səbəb qazın tərkibidir!.