"Əgər savaş başlasa, bu dəfə o, regional müharibəyə çevriləcək"
İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Vaşinqtonla Tehran arasında onilliklərdir davam edən qarşıdurmanın səbəblərinə münasibət bildirib.
Azpolitika xəbər verir ki, ali lider Tehranda İmam Xomeyni Hüseyniyyəsində ictimaiyyət nümayəndələri ilə görüş zamanı bu gərginliyin mahiyyətini iki sözlə ifadə edib: "Mənim fikrimcə, bu məsələni iki sözlə ümumiləşdirmək olar. Bu iki söz bunlardır: Amerika İranı udmaq istəyir; şərəfli İran milləti və İslam Respublikası buna mane olur."
Ayətullah Xamenei çıxışında İranın zəngin resurslara və strateji üstünlüklərə malik olduğunu vurğulayıb.
O bildirib ki, İranın neft və qaz ehtiyatları, geniş mineral sərvətləri, habelə coğrafi və geosiyasi mövqeyi xarici güclər üçün cəlbedicidir: "İranda bir çox cəlbedici yerlər var. İranın nefti, qazı, zəngin mineral ehtiyatları cəlbedicidir. İranın strateji və coğrafi mövqeyi cəlbedicidir. Onun bir çox başqa xüsusiyyətləri də var. İran təbii ki, təcavüzkar və ekspansionist bir dövlətin buna can atacağı bir ölkədir."
İranın ali dini rəhbəri bildirib ki, ABŞ-nin məqsədi İranı yenidən əvvəlki dövrdə olduğu kimi nəzarət altına almaqdır: "Buna görə də onlar İranı ələ keçirmək istəyirlər; necə ki, keçmişdə ələ keçiriblər."
Xamenei xüsusilə Pəhləvilər dövrünü xatırladaraq qeyd edib ki, həmin illərdə ABŞ faktiki olaraq ölkənin əsas sahələrinə nəzarət edirdi:
"Onlar resurslara, neftə, siyasətə, təhlükəsizliyə və beynəlxalq münasibətlərə nəzarət edirdilər; hər şey onların nəzarəti altında idi. Otuz il ərzində istədiklərini etdilər."
Onun sözlərinə görə, ABŞ həmin nəzarəti itirdikdən sonra yenidən o vəziyyətə qayıtmaq arzusundadır: "Əlləri kəsildikdən sonra geri qayıtmaq, Pəhləvi dövrünün vəziyyətini yenidən yaşamaq istəyirlər."
Lakin ali rəhbər vurğulayıb ki, İran xalqı bu planların qarşısını alıb və almaqda davam edir: "Lakin İran milləti möhkəm dayanıb, özünü qoruyub və bunun qarşısını alıb. Düşmənçilik də elə budur. Mübarizənin mahiyyəti də budur."
Xamenei Qərbin insan hüquqları və digər mövzularla bağlı tənqidlərini isə formal bəhanə adlandırıb: "Qalan söhbətlər, insan hüquqları və s. sadəcə boş sözlərdir. Məsələ budur."
O əlavə edib ki, qarşı tərəf acgöz və ekspansionist mövqedədir, İran isə müqavimətini davam etdirəcək: "O tərəf acgözdür, İran isə möhkəm dayanıb və möhkəm dayanmağa davam edəcək, digər tərəfi şər və zülmdən ümidsizliyə salacaq."
Ali lider çıxışında ABŞ-yə açıq xəbərdarlıq da edib. Onun sözlərinə görə, mümkün hərbi qarşıdurma təkcə iki ölkə ilə məhdudlaşmayacaq: "Əgər savaş başlasa, bu dəfə o, regional müharibəyə çevriləcək."
Elman
"AzPolitika.info"

Şərhlər
İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei son çıxışında deyir "İranda bir çox cəlbedici yerlər var. İranın nefti, qazı, zəngin mineral ehtiyatları cəlbedicidir". Özləri demişkən, xob. İndi ağayi Xameneyi buyursun görək onun dediyi yeraltı sərvətlərdən bu 47 ildə İran xalqı bəhərələnibmi. Bu gün ölkədə sosial iqtisadi vəziyyət nə gündədi onu hər kəsdən yaxşı Xamanei özü bilir. Belə olmasa idi, ağayi Pezeşkian son etirazlarda qalxıb deməzdi ki, xəlqın sosial-iqtisadi tələbləri anlaşılandı. Amma indiki halda hökümətin bu tələbləri yerinə yetirməsi imkansızdır, çünki, xəzində pul yoxdu". Hələ bu illər ərzində ölkə vətəndaşlarının konstitision haqlarının, xüsusən də İranda əhalinin etnik tərkibində ən yüksək faizə malik olan türklərin hüquqlarının tapdalanmasını da demirik. Bəli, Qərb İmperializmin hər bir münaqişədə öz çıxarları var. Amma ağıllı dövlər rəhbərləri, onlara yem olmamaları üçün öz daxili və xarici siyasətini elə qurmalıdır ki, tarazlığı qoruya bilsin ki, tapdalanmasın. Yoxsa sən 47 ildi dünyanı şeytan elan et, ölkəni dünyadan təcrid et, əhalini də ən doğal haqlarını görməzdən gəl, təbii ki bunun da bir bədəli olacaqdır. Xamanei özü də yaxşı bilir ki, İranda vəziyyət heç də onun dediyi kimi deyil. İndiki halda hakimiyyətdə çatlar var və getdikcə bu daha da dərinləşir (xüsusən də SEBAH-la Prezident arasında) . Ən əsası isə xalq artıq rejimi demir. Ola ki də son qırğınlardan sonra. Bu isə xarici müdaxilədə çox təhlükəli bir tendensiyadır. Amma bütün hallarda İranda beynəlxalq təcavüzə qarşıyıq. Əsasda ona görə ki, İrandakı rejim hər çıxışlarında deyir ki, ABŞ-in təcavüzü bütün regon dövlətlərini bürüyəcək. Belə bir vəziyyət də allah regonu və İran xalqını Mollaların məkirindən qorusun. Düşmənə nə var ki, bilirsən ki, düşməndi.