ABŞ Prezidenti Donald Tramp İranın Ali Lideri Ayətullah Əli Xameneiyə ünvanlanan sərt açıqlama ilə çıxış edib. O, ABŞ–İran münasibətlərində artan gərginlik fonunda Xameneinin vəziyyətdən ciddi şəkildə narahat olmalı olduğunu bildirib. 

Tramp bu fikirləri “NBC News”a verdiyi müsahibədə səsləndirib.

ABŞ prezidenti deyib ki, İran hazırda ABŞ-nin atdığı addımlar səbəbindən ağır vəziyyətdədir və Vaşinqton Tehranın nüvə infrastrukturunu sıradan çıxarıb. Onun sözlərinə görə, əgər bu baş verməsəydi, Yaxın Şərqdə sülhdən danışmaq mümkün olmazdı. Tramp qeyd edib ki, ərəb ölkələri İranın nüvə potensialından ciddi qorxu keçirirdilər, lakin ABŞ-ın müdaxiləsindən sonra bu qorxu aradan qalxıb.

Tramp həmçinin bildirib ki, ABŞ kəşfiyyatı İranın nüvə proqramını ölkənin başqa ərazisində yenidən qurmaq niyyətində olduğu barədə məlumat əldə edib. Onun sözlərinə görə, bu planla bağlı Tehrana açıq xəbərdarlıq edilib və belə bir addım atılacağı təqdirdə ABŞ-ın sərt cavab verəcəyi bildirilib.

"AzPolitika.info"