Avropa Rusiyanın neft ixracında önəmli yer tutan “kölgə donanması”na qarşı yeni məhdudiyyətlər tətbiq etmək niyyətindədir.
“AzPolitika” xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, “kölgə donanması”na qarşı yeni Avropa Birliyi məhdudiyyətləri Avropa sularında üzən tankerlər üçün riskləri daha da artıracaq. Nəticədə Rusiyanın neft tədarükünün təxminən yarısı risk altına düşəcək və bu da ölkənin iqtisadiyyatına maliyyə təzyiqini çoxaldacaq.
Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı tammiqyaslı işğal başlatdıqdan sonra Kreml bütün dünya üzrə köhnəlmiş tankerləri almağa və Qərb gəmiçilik xidmətlərindən asılılığı, eləcə də sanksiya risklərini azaltmaq üçün "kölgə donanması" yaratmağa başladı. Bir çox hallarda Qərb sığorta şirkətlərinin imtinasından sonra bu tankerlər Rusiyada sığorta olunmağa başladı və neftin mənşəyini gizlətmək üçün Syerra-Leone və Kamerun kimi daha yumşaq tələbləri olan ölkələrin bayraqları altında üzməyə başladılar.
İndi isə Avropa Birliyi, Rusiyaya qarşı yeni sanksiyalar paketinin bir hissəsi olaraq, Rusiya neftinin daşınması üçün vacib olan dəniz xidmətlərinə, o cümlədən bütün sığorta və gəmiçilik xidmətlərinə tamamilə qadağa qoymağı nəzərdən keçirir. Bu qadağalar tətbiq olunarsa, Rusiyanın Baltik və Qara dənizləri vasitəsilə Avropa sularından keçən neft ixracatının təxminən yarısına(gündə təxminən 3,5 milyon barel) ciddi ziyan dəyəcək.
Moskvadakı yüksək vəzifəli diplomatlara yaxın mənbə qəzetə bildirib ki, Avropanın Rusiya nefti üçün dəniz xidmətlərinə qoyduğu hər hansı qadağa, eləcə də “kölgə donanması” tankerlərinin ələ keçirilməsi "Rusiya üçün ciddi təhdidlər" yaradır: "Bu, təkcə iqtisadiyyat üçün təhlükə deyil, həm də siyasi məsələdir: Rusiya siyasi nüfuzuna xələl gətirmədən bu cür hərəkətlərə dözə bilərmi?".
Qeyd edək ki, neft ixracına əlavə risklər olmadan belə, Rusiyanın maliyyə strukturları bu ilin yayında ciddi iqtisadi böhranın mümkünlüyü barədə xəbərdarlıq edirlər.
“AzPolitika.info”

Şərhlər