Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini hazırlayır. Yeni paket Rusiya neftinin daşınması ilə bağlı dəniz xidmətlərinə tam qadağa nəzərdə tutur. 

"AzPolitika" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlama verib.

Onun sözlərinə görə, Aİ Rusiyaya qarşı ixrac məhdudiyyətlərini daha da sərtləşdirir. Yeni qadağalar rezin məmulatlardan və traktorlardan tutmuş kibertəhlükəsizlik sahəsində xidmətlərə qədər geniş məhsul və xidmət spektrini əhatə edir. Bu məhdudiyyətlərin ümumi həcmi 360 milyon avrodan çoxdur.

“Biz energetika sahəsində Rusiya mənşəli xam neftin daşınması üçün dəniz xidmətlərinin göstərilməsinə tam qadağa tətbiq edirik. Bu, Rusiyanın enerji gəlirlərini daha da azaldacaq və onun nefti üçün alıcı tapmağı çətinləşdirəcək. Gəmiçilik qlobal biznes olduğuna görə, G7 ölkələri müvafiq qərar qəbul etdikdən sonra bu tam qadağanı eyni düşüncəli tərəfdaşlarla koordinasiyalı şəkildə tətbiq etməyi təklif edirik”, - o deyib.

Ursula von der Leyen sanksiyalar siyahısında Rusiya neftini daşıyan gəmilərin sayının artacağını bəyan edib.

“Biz “kölgə donanması”na aid daha 43 gəmini sanksiya siyahısına salırıq və onların ümumi sayını 640-a çatdırırıq. Həmçinin, Rusiyanın bu donanmada istifadə üçün tanker əldə etməsini çətinləşdiririk, maye qaz tankerleri və buzqıranlar üçün xidmətlərə geniş qadağalar tətbiq edirik ki, əlavə olaraq qaz ixracı layihələrini zəiflədək”, - Ursula von der Leyen qeyd edib.

O, yeni sanksiyaların bank və maliyyə sektorunu da əhatə edəcəyini vurğulayıb: “Biz Rusiyanın daha 20 regional bankına qarşı sanksiyalar tətbiq edirik və sanksiyalardan yayınma yollarını bağlamaq məqsədilə kriptovalyutalara, onlarla ticarət edən şirkətlərə və kriptoticarəti təmin edən platformalara qarşı tədbirlər görürük. Eyni zamanda, sanksiyaya məruz qalmış malların qanunsuz ticarətinə kömək edən üçüncü ölkələrdəki bir sıra bankları hədəf alırıq”.