ABŞ Prezidenti Donald Tramp İranla Omanın paytaxtı Maskatda aparılan danışıqları “çox yaxşı” kimi qiymətləndirib və Tehranın yeni razılaşma əldə etmək istədiyini açıq şəkildə göstərdiyini bildirib.
“AzPolitika" Qərb mediasına istinadla xəbər verir ki, Tramp Vaşinqtondan Floridaya uçarkən prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.
Maskatda keçirilən ilk danışıqlardan məmnun qaldığını deyən Tramp bildirib:
“Bu gün Rusiya və Ukrayna ilə çox, çox yaxşı danışıqlar apardıq. Eyni şəkildə İranla da çox yaxşı danışıqlarımız oldu. İran razılaşma əldə etmək istəyirmiş kimi görünür və bunu həqiqətən çox istəyirlər”.
ABŞ-ın İrana qarşı bölgəyə böyük donanma göndərdiyini xatırladan Tramp, “Bunun necə nəticələnəcəyini görəcəyik” deyə əlavə edib.
Vaşinqtonun zəruri addımlar atacağını, lakin tələsməyə ehtiyac olmadığını vurğulayan Tramp bildirib: “Venesuelanı xatırlayırsınızsa, bir müddət gözləmişdik və tələsmirdik. İndi də tələsmirik. Kifayət qədər vaxtımız var. İranla çox yaxşı danışıqlar aparırıq”.
Tramp ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerdən ibarət danışıqlar qrupunun İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşünü “yüksək səviyyəli nümayəndələr arasında aparılan danışıqlar” kimi xarakterizə edib.
“Əgər razılaşma əldə olunmasa, nəticələrin çox sərt olacağı aydındır. Buna görə də hamı hansı kartlara sahib olduğunu bilir”, – deyə Tramp bildirib.
İranla qəbul edilə bilən şərtlər əsasında razılaşma əldə etmək istədiyini vurğulayan ABŞ Prezidenti əlavə edib: “Amma hər şeydən əvvəl bir şərt var: nüvə silahı olmayacaq”.
Tramp qeyd edib ki, əgər Tehran rəhbərliyi ikinci prezidentlik dövrünün ilk aylarında hazırda müzakirə olunan şərtlərə bu günkü kimi müsbət yanaşsaydı, iki ölkə arasında razılaşma artıq çoxdan əldə olunmuş olardı. Onun sözlərinə görə, İran indi əvvəlkindən daha istəklidir.
Danışıqların nəticələrini gözləməyin vacibliyini vurğulayan Tramp tərəflərin gələn həftə yenidən görüşməyi planlaşdırdıqlarını da açıqlayıb.
"AzPolitika.info"

Şərhlər