Nəsimi rayonu, Azadlıq prosepekti 33 ünvanında yaşayış binasının girişində qanunsuz obyekt tikilib. Uzun müddətdir ki, sakinlər binaya çətinliklə daxil olurlar, yerli icra hakimiyyətinə ünvanlanan şikayətlər isə cavabsız qalıb. "AzPolitika" sakinlərin müraciətini bir neçə gün əvvəl dərc edib. Sakinlər iddia edirdilər ki, "obyekti" tikən şəxsin rayon icra hakimiyyətində "adamı" olduğu üçün onu sökmürlər.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Nəsimi rayonunun icra başçısı dəyişdirilib. Buna baxmayaraq, hələlik sakinlərin müraciətinə və aşkar qanunsuzluğa reaksiya verilməyib.
Fotodan göründüyü kimi, “obyekt” binanın girişinin yarıdan çoxunu tutur, ancaq kiçik qapıdan keçmək mümkündür. Həmin ünvanda fövqəladə hadisə baş verərəsə, aidiyyatı qurumların müdaxiləsi, sakinlərin təxliyyəsi demək olar, mümkün olmayacaq.

İcra hakimiyyətindən əli üzülən sakinlər Fövqaladə Hallar Nazirliyinə (FHN) müraciət edərək kömək istəyiblər. Onların müraciətinə FHN Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən cavabda həmin ünvanda qanunsuz tikinti aparılması təsdiqlənib. Qeyd olunur ki, baxış zamanı blokun giriş hissəsinə köməkçi otaq quraşdırılıb. “Bununla da “Yanğın Təhlükəsizliyi Qaydaları”nın 3.1.7 və 3.1.9-un (yaşayış binalarının ümumi istifadədə olan hissələrində (pilləkən qəfəsində, girişdə, dəhlizdə və s.) tikinti və ya köməkçi otaqların quraşdırılması, insanların evakuasiyası və yanğınsöndürmə texnikasına mane olursa, bu yanğın təhlükəsizliyi tələblərinin pozulması hesab olunur) tələbləri pozulub”, - sakinlərə verilən cavabda yazılıb.
FHN bildirir ki, qeyd olunanlar nəzərə alanaraq müvafiq tədbirlərin görülməsi üçün Nəsimi Rayon icra Hakimiyyətinin rəhbərliyinə müraciət edilib.
Dünən və bu gün bir neçə dəfə sözügedən icra hakimiyyətinə telefon açsaq da zəngələrimiz cavabsız qaldı. Əldə etdiyimiz məlumata görə, həmin tikili “arxalı” iş adamlarından birinə məxsusudur və bir neçə il əvvəl icra hakimiyyətinə müxtəlif dövlət qurumları vasitəsi ilə təzyiq edrərək həmin qanunsuz tikilini inşa edib.
Sakinlər ümid edirlər ki, Prezident İlham Əliyev tərəfindən Nəsimi rayonuna yeni təyin edilən icra başçısı Tahir Budaqov bu özbaşınalığa biganə qalmayacaq.
Elvin
“AzPolitika.info”


Şərhlər
Kim ne isteyir onuda edir)) delixana yoxsa komedixana ?
Nəsimi rayonunda belə özbaşınalıq və qanunsuz işlər çoxdu. Bizim yaşadığımız Süleyman Rüstəm küçəsi 80 (Mirqasımov küçəsi ilə kəsişmə) ünvanında səkini tamamilə bağlayıb KABABXANA tikiblər səkidə. Mütləq maşın yoluna çıxmalısan. Bir neçə dəfə az qalıb maşın vursun məni. Dəfələrlə irad bildirməyimizə baxmayaraq heç bir tədbir görülməyib bu günədək. Dünyanın heç yerində belə hallara rast gəlmək mümkün deyil ki, piyada səkisini bağlayıb kababxana tikəsən.