ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri fonunda regionda texnoloji və enerji balansı ilə bağlı yeni suallar yaranıb. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, bu səfərin əsas mahiyyəti diplomatik jestlər və ya TRIPP layihəsi deyil, Ermənistanın nüvə enerjisi əsasında süni intellekt (AI) və yüksək hesablama infrastrukturu qurmaq planlarıdır.

Onun sözlərinə görə, Ermənistanın daha əvvəl NVIDIA ilə təxminən 500 milyon dollarlıq razılaşması olsa da, bu layihələrin qarşısında ciddi maneə mövcud idi – enerji təminatı.

“NVIDIA səviyyəli AI və data mərkəzləri üçün stabil və yüksək güclü enerji tələb olunur. Ermənistanın mövcud enerji sistemi bunu təmin etmirdi”, – deyə Gündüz vurğulayır.

Ekspert bildirir ki, Vensin səfəri məhz bu fundamental problemi həll mərhələsinə keçirib. ABŞ–Ermənistan arasında modul tipli atom elektrik stansiyaları üzrə aparılan danışıqlar faktiki olaraq AI üçün enerji bazasının formalaşdırılması deməkdir. Burada söhbət yalnız Metsamor AES-in təmirindən getmir.

Osman Gündüzün fikrincə, məsələ Metsamordan sonrakı mərhələyə keçid, təxminən 9 milyard dollarlıq investisiya və Ermənistanın enerji sisteminin ABŞ texnologiyaları əsasında yenidən dizayn olunmasıdır. Bu isə Ermənistanı ilk dəfə olaraq AI və yüksək hesablama üçün uzunmüddətli, stabil və güclü enerji mənbəyi ilə təmin edə bilər.

O.Gündüz qeyd edir ki, bu proses Ermənistanı Rusiyanın enerji və texnoloji təsir dairəsindən çıxarmaqla yanaşı, onun regiondakı mövqeyini də gücləndirir. Ermənistan AI sahəsində lider olmasa belə, hesablama və data infrastrukturu mərkəzi statusu qazana bilər. Bu status isə ölkəni startaplar, innovasiya ekosistemi, elmi-tədqiqat mərkəzləri və beynəlxalq layihələr üçün daha cəlbedici edir.

Ekspert hesab edir ki, müharibədə məğlub olmuş Ermənistanın AI, nüvə enerjisi və pilotsuz sistemlər sahəsində milyardlarla dollarlıq investisiya cəlb etməsi diqqətdən kənarda qalmamalıdır. Birbaşa təhlükə olmasa da, Azərbaycan üçün strateji risklər mövcuddur.

Onun fikrincə, Ermənistanın nüvə enerjisi üzərindən AI və yüksək hesablama infrastrukturunu sürətlə qurması fonunda regionda texnoloji gündəmin tədricən İrəvan üzərindən formalaşması mümkündür. Bu isə qısa müddətdə Ermənistanın iqtisadi vəziyyətinə və büdcə imkanlarına müsbət təsir göstərə, uzunmüddətli perspektivdə isə revanşist meyilləri gücləndirə bilər.

Osman Gündüz vurğulayır ki, formalaşan yeni mənzərə Azərbaycanın “rəqəmsal regional mərkəz” iddialarını zəiflətmə riski daşıyır. Hazırda Azərbaycanda yaradılan iki superkompüter mərkəzi əsasən daxili tələbatın ödənilməsinə fokuslanıb.

Ekspert xatırladır ki, ötən ilin sonunda iqtisadiyyat naziri Mikayıl Cabbarovun Liberman qardaşları ilə görüşü zamanı da hökumətin yerli tələbatın kəskin artımını deyil, qlobal inteqrasiyanı düşündüyü açıq görünürdü.

Bu baxımdan Osman Gündüz hesab edir ki, hökumət regionda AI sahəsində yaranan yeni vəziyyətin miqyasını düzgün qiymətləndirməlidir. Onun fikrincə, Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistanı birləşdirəcək fiber-optik magistral və onun üzərində qurula biləcək regional data mərkəzi real cavablardan biridir.

“Bu infrastruktur düzgün dizayn olunarsa, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında rəqəmsal data və süni intellekt qovşağına çevrilə bilər”, – deyə ekspert bildirir.

Osman Gündüzün qənaətinə görə, Azərbaycanın bunun üçün real potensialı mövcuddur: enerji resursları, tranzit mövqeyi, maliyyə imkanları və regional siyasi çəkisi Ermənistanla müqayisədə xeyli üstündür.

“Əsas məsələ bu üstünlükləri vaxtında və vahid strategiya ilə AI, data mərkəzləri və yüksək hesablama xidmətlərinə çevirməkdir. Bu xətt düzgün qurularsa, Azərbaycan regionda daha da üstün mövqe əldə edə bilər”, – deyə o vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”