Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir Ankara kulislərində müzakirə olunan kabinet dəyişikliyini reallaşdırıb. “AzPolitika” bildirir ki, “Rəsmi qəzet”də dərc edilən sərəncama əsasən, Ədliyyə naziri Yılmaz Tunçun yerinə İstanbul Respublika Baş prokuroru Akın Gürlək, Daxili işlər naziri Ali Yerlikayanın yerinə isə Ərzurum valisi Mustafa Çiftçi təyin edilib.
“Rəsmi qəzet”də yer alan məlumata görə, həm Tunçun, həm də Yerlikayanın vəzifədən azad olunmaları ilə bağlı xahişləri qəbul edilib.
Ali Yerlikaya açıqlamasında bildirib ki, 4 iyun 2023-cü ildən icra etdiyi Daxili işlər naziri vəzifəsini Mustafa Çiftçiyə təhvil verir və yeni nazirə uğurlar arzulayıb. Yerlikaya eyni zamanda təhlükəsizlik strukturlarında çalışan bütün əməkdaşlara təşəkkür edib.

Yılmaz Tunç isə açıqlamasında AKP-nin 2001-ci ildən başlayan siyasi yoluna, tutduğu vəzifələrə və Ərdoğanın liderliyi altında aparılan hüquqi islahatlara diqqət çəkib. Tunç, Ədliyyə naziri postuna gətirilən Akın Gürləkə də uğurlar arzulayıb.
Yeni Ədliyyə naziri Akın Gürlək İstanbulda məhkəmə üzvü və məhkəmə sədri olduğu dövrdə verdiyi cəsarətli qərarlarla tanınıb. Daha sonra Ədliyyə nazirinin müavini, 2024-cü ilin oktyabrından isə İstanbul Cumhuriyyət Baş prokuroru vəzifəsində çalışıb..
Gürlək Baş prokuror olduğu müddətdə, xüsusilə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaqlar da daxil olmaqla, ictimai rezonans doğuran bir sıra işlərə rəhbərlik edib.
Daxili İşlər Nazirliyinə gətirilən Mustafa Çiftçi indiyədək Ərzurum valisi vəzifəsini icra edib. Onun təyinatı təhlükəsizlik və idarəçilik xəttində daha sərt və mərkəzləşdirilmiş kursun davamı kimi qiymətləndirilir.
“AzPolitika.info”

Şərhlər