Ukrayna Prezidenti Volodimir Zelenski 24 fevralda prezident seçkiləri və Rusiya ilə sülh müqaviləsi üzrə referendum elan etməyi planlaşdırır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna lideri bu qərara ABŞ-nin təzyiqləri nəticəsində gəlib. Hər iki səsvermənin 15 maya qədər keçirilməsi planlaşdırılır.

“Reuters” agentliyinin məlumatına görə, ötən həftə Amerika və Ukrayna danışıq heyətləri tərəfindən müzakirə edilən çərçivəyə əsasən, istənilən sülh müqaviləsinin referenduma çıxarılacağı artıq məlum idi. Ukrayna seçiciləri milli seçkilərlə eyni vaxtda sülh müqaviləsinə səs verməli olacaqlar. Lakin hələlik ortada hər hansı sülh müqaviləsi yoxdur. Bu halda seçki və referendumun təyin edilməsi bir qədər müəmmalı görünür.

Xatırladaq ki, Zelenskinin səlahiyyət müddəti 2024-cü ilin may ayında başa çatıb. Lakin Ukrayna Konstitusiyası hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsini qadağan edir.

Son sorğular göstərir ki, ukraynalıların yalnız on nəfərindən biri atəşkəsdən əvvəl seçki keçirilməsini dəstəkləyir. Qeyd olunur ki, müvəqqəti atəşkəs və təhlükəsizlik zəmanətləri əldə olunarsa belə, respondentlərin yalnız 23%-i tezliklə seçkilərin keçirilməsini dəstəkləyir.

Hakim “Xalqın qulluqçusu” partiyasının parlamentdəki rəhbəri David Araxamiya öz növbəsində seçkilər üçün əsas şərtləri qeyd edib. Onun sözlərinə görə, prezident seçkiləri və referendum eyni vaxtda keçirilə bilər, lakin bu, yalnız sülh planının özü bütün tərəflər tərəfindən artıq razılaşdırıldığı təqdirdə mümkündür.

“AzPolitika.info”