"Qəti şəkildə bəyan edirik ki, Şükür Məhərrəmovun Zülfüqarlı qardaşları və ya həmin ailənin üzvləri ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Onun idarə etdiyi nəqliyyat vasitəsi də ASC-nin balansında deyil və olmayıb..."
Bu fikirlər “Bakı İnşaat Sənaye” ASC-nin İdarə Heyətinin sədri Ramiz Əhmədovun "AzPolitika"-ya müraciətində yer alıb.
Qeyd edək ki, saytımızın əməkdaşının məhkəmə prosesindən hazırladığı reportajda ötən il yanvarın 22-də Nizami rayonu ərazisində, Neftçilər metrostansiyasının yaxınlığında "Tofaş Doğan” markalı, 10-MR-644 dövlət nömrə nişanlı avtomobillə piyada keçidi üzərində 33 yaşlı Pirizadə Günay Əli qızını vuraraq öldürməkdə təqsirləndirilən Şükür Məhərrəmovun tanınmış iş adamı Nürəddin Zülfüqarlı ilə qohum, avtomobilin isə onlara məxsus olduğu iddia edilib.
Şükür Məhərrəmovun vaxtilə işlədiyi və Zülfüqarlı qardaşlarına məxsus "Bakı İnşaat Sənaye” ASC-nin İdarə Heyətinin sədri Ramiz Əhmədov isə bu məlumatın tamamilə yanlış olduğunu bildirir.
Onun saytımıza göndərdiyi müraciətdə bildirilir: "Son günlər bəzi kütləvi informasiya vasitələrində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yayılan materiallarda müxtəlif iddialar səsləndirilir. Həmin məlumatlarda təqsirləndirilən şəxs Şükür Məhərrəmovun adı müxtəlif iş adamları və ailələrlə əlaqələndirilir. Onun həmin ailələrlə guya müəyyən qohumluq münasibətlərinə malik olduğu barədə fikirlər irəli sürülür. Ancaq bu fikirlər həqiqəti əks etdirmir.
Şükür Məhərrəmov həqiqətən də müəssisədə əmək fəaliyyəti ilə məşğul olub. O, zavodda sıravi əməkdaş kimi çalışıb və işə qəbulu, əmək müqaviləsi və vəzifə öhdəlikləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun şəkildə rəsmiləşdirilib. Onun müəssisədə tutduğu vəzifə inzibati və ya rəhbər xarakter daşımayıb.
Eyni zamanda qəti şəkildə bəyan edirik ki, Şükür Məhərrəmovun Zülfüqarlı qardaşları və ya həmin ailənin üzvləri ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Onun idarə etdiyi nəqliyyat vasitəsi də ASC-nin balansında deyil və olmayıb. Eyni zamanda Zülfüqarlı ailəsindən də heç kimə məxsus olmayıb. Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və heç bir faktiki əsasa söykənmir.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi məhkəmənin icraatındadır və məsələyə hüquqi qiymət yalnız məhkəmə tərəfindən verilməlidir. “Bakı İnşaat Sənaye” ASC olaraq istintaq və məhkəmə prosesinə hər hansı formada təsir göstərilməsi ilə bağlı iddiaları tamamilə rədd edir, qanunun aliliyinə və məhkəmə müstəqilliyinə hörmətlə yanaşdığımızı bir daha vurğulayırıq. Hesab edirik ki, cəmiyyət üçün həssas olan belə məsələlərdə dəqiqləşdirilməmiş və təsdiqlənməmiş məlumatların yayılması həm ictimai rəyə, həm də ayrı-ayrı şəxslərin işgüzar nüfuzuna xələl gətirə bilər. Bu baxımdan, media qurumlarını rəsmi mənbələrə istinad etməyə və balanslı mövqe nümayiş etdirməyə çağırırıq.
Sonda “Bakı İnşaat Sənaye” ASC baş vermiş faciə ilə bağlı mərhumun ailəsinə bir daha dərin hüznlə başsağlığı verir və məhkəmənin ədalətli qərar verəcəyinə inandığını bildirir".

Şərhlər