Ötən il yanvarın 22-də avtomobillə vurulması ilə həyatını itirən gənc müəllimə Pirizadə Günay Əli qızının ölümündə təsirləndirilən Şükür Məhərrəmova hökm oxunmayıb.

“AzPolitika” xəbər verir ki, dünən Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən proses yekunlaşsa da, hakim təqsirləndirilənə hökm oxunmasını təxirə salıb. N.Mehdiyev qərarının səbəbini açıqlamayıb, bildirib ki, bu gün saat 11:10-da proses başa çatacaq.

Bu gün isə məlum olub ki, təqsirləndirilən Şükür Məhərrəmov məhkəmə prosesinə qatılmayıb. Onun vəkili bildirib ki, təqsirləndirilən səhhəti ilə bağlı Sabunçu Rayon Xəstəxanasına müraciət edib.

Hakim isə xəstəxanadan arayış gətirilməsini istəyib, növbəti dəfə Məhərrəmova fevralın 17-ə qədər vaxt verib. Məhkəməyə gəlmyəcəyi təqdirə barəsində axtarış elan olunacağını bildirib.

Xatırladaq ki, Ş.Məhərrəmov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – cinayət əməlinin tövsifedici əlaməti qismində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) ilə ittiham olunur. Bu əmələ görə üç ilədək müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Dünən keçirilən məhkəmə prosesində dövlət ittihamçısı onun 5 il 9 ay müddətində azadlıqdan məhrum edilməsini tələb edib. Ş.Məhərrəmov isə hakimdən özü haqqında bəraət (!) qərarının çıxarılmasını xahiş edib.

Mərhum G.Prizadənin atası Əli Məmmədrzayev isə hakimdən ədalətin təmin olunmasını, təqsirləndirilən şəxsə ittiham olunduğu maddə üzrə ən yükəsk cəza verilməsini istəyib.

“AzPolitika.info”