İnterpolun “fahişəliyə cəlb etmə”yə görə axtardığı şəxs Azərbaycana keçəndə tutuldu
İnterpolun mərkəzi bürosunun Gürcüstan bölməsinin əməkdaşları Gürcüstan-Azərbaycan sərhədində İnterpol tərəfindən qırmızı xətlə axtarışda olan Türkiyə vətəndaşı Doğan Tuncayı həbs ediblər. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki. Türkiyədə “fahişəliyə cəlb etmə” maddəsi ilə axtarışda olan Tuncay dekabrın 25-dən beynəlxalq axtarışda olub. Günahı sübuta yetiriləcəyi halda vətənində onu 2 il 10 ay müddətində azadlıqdan məhrumetmə cəzası gözləyir.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Doğan Tuncay Kvemo Kartli bölgəsindəki müvəqqəti saxlanma təcridxanasında saxlanılır.
AzPolitika.info xatırladır ki, qalmaqallı Ergenekon cinayəti Tuncay Güneyin ifadələri əsasında başlamışdı.
Diqqət çəkən başqa bir məqam isə bu gün həbs xəbəri yayılan Tuncay Güneyin adı mətbuatda Doğan Tuncay kimi hallandırılır
Tuncay Güney 2001-ci ildə fırıldaqçılıq ittihamı ilə həbs edilərkən şəxsən İstanbul polisinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin ovaxtkı rəhbəri Adil Sərdar Saçana verdiyi ifadəsində deyib ki, “Ergenekon”un bir qolu da Azərbaycandadır.
Bu, həmin Tuncay Güneydir ki, onun ifadələri əsasında general Vəli Kiçik də daxil olmaqla, bir çox nüfuzlu və tanınmış şəxs həbs edilib.
Tuncay Güney keçmiş jurnalistdir, vaxtilə “Sabah” qəzetində işləyib, bu zaman müəyyən vasitələrlə Vəli Kiçiklə əlaqə qurub və özünün dediyinə görə onun yaxın çevrəsinə daxil olub. Onun İsrail və Amerika kəşfiyyatına işlədiyi haqda da ciddi şübhələr var.
Məhz bu şəxsin iddiaları əsasında Türkiyə polisi Vəli Kiçik də daxil olmaqla, “Ergenekon” əməliyyatında həbs edilən bir çox şəxslərin Azərbaycanla telefon danışıqlarını, elektron poçt yazışmalarını izləyib.
Tuncay Güneyin "Ergenekon" istintaqı çərçivəsində verdiyi ifadələrin böyük bir hissəsinin Fətullah Gülən və təşkilatına aid olduğu bildirilir. Bu ifadələrdə Fətullah Gülən, Doğu Perinçək və Vəli Kiçiyə qədər əlaqələrin necə qurulduğu göstərilir. Ancaq o dönəm bu ifadələrin bir qisminin yayılması dövlət və məhkəmə tərəfindən əngəllənmişdi.


Şərhlər