“Münhen Təhlükəsizlik Konfransı bu dəfə səslənən yeni fikirlərə görə deyil, tonun və yanaşmanın dəyişməsi ilə yadda qala bilər”.

Politoloq, “Xəzər Universiteti”nin professoru Ramiz Yunus hesab edir ki, Avropa uzun illərdən sonra ilk dəfə olaraq təkcə bəyanat yox, real fəaliyyət dili ilə danışmağa başlayır.

Onun fikrincə, 2007-ci ildə məhz bu konfrans zalında Rusiya Prezidenti Vladimir Putin Qərbə açıq çağırış etmiş, müharibədən sonrakı dünya nizamının yenidən baxılmasını və təsir dairələri siyasətinə qayıdışı faktiki elan etmişdi. Lakin o zaman bir çox Qərb liderləri bunu sərt ritorika kimi qiymətləndirdi. Bu strateji sadəlövhlüyün qiyməti isə sonradan çox ağır oldu.

Ramiz Yunus xatırladır ki, Münhen konfransı ideyası soyuq müharibənin ən gərgin dönəmində – Berlin divarının inşasından az sonra formalaşıb: “Onilliklər ərzində bu platforma Qərb dünyasının mövqelərini uzlaşdırdığı və birlik nümayiş etdirdiyi əsas tribunaya çevrilmişdi. SSRİ dağıldıqdan sonra isə Qərbdə “qarşıdurma epoxasının başa çatdığı” barədə yanlış qənaət yarandı. Bu yanaşmanın intellektual əsaslarından biri Frensis Fukuyamanın “Tarixin sonu və son insan” əsəri oldu. Liberal demokratiyanın siyasi təkamülün son mərhələsi olduğu fikri Qərbdə özünə arxayınlıq yaratdı.Bu məntiq çərçivəsində Rusiya zamanla Qərb sisteminə inteqrasiya edəcək dövlət kimi qəbul olundu. Nəticədə Moskva fundamental siyasi transformasiya keçirmədən, imperiya düşüncəsindən imtina etmədən Qərb institutlarına inteqrasiya edildi”.

Politoloqun fikrincə, bu, Almaniya ilə İkinci Dünya müharibəsindən sonra aparılan dərin institusional dəyişikliklərdən fərqli idi.

“İllüziya strategiyanı əvəz etdi və Qərb bu səhvin nəticələrini indi tam şəkildə yaşayır”, – deyə müəllif vurğulayır.

Ramiz Yunus 1994-cü ildə imzalanmış Budapeşt Memorandumunu həmin dövrün ən simvolik səhvlərindən biri adlandırır. Sənədə əsasən, Ukrayna nüvə silahından imtina edir, əvəzində təhlükəsizlik zəmanəti alırdı. Lakin sənəd real icra mexanizmlərindən məhrum idi.

“Tarix bir daha göstərdi ki, kağız üzərində zəmanətlər tankları dayandırmır”, – deyə politoloq qeyd edir.

2007-ci il Münhen çıxışından sonra 2008-ci ildə Gürcüstan müharibəsi, 2014-cü ildə Krımın ilhaqı və Donbas müharibəsi baş verdi. Buna baxmayaraq, Avropa sərt cavab əvəzinə məhdud sanksiyalarla kifayətləndi və paralel olaraq enerji əməkdaşlığını dərinləşdirdi.

2009-cu ildə Nord Stream AG vasitəsilə “Şimal axını-1”, 2017-ci ildə isə “Şimal axını-2” layihələri həyata keçirildi. Politoloqun fikrincə, bu, iqtisadi baxımdan rahat, lakin strateji baxımdan təhlükəli “yumşaltma siyasəti” idi.

O, 1938-ci ildə imzalanmış Münhen sazişini xatırladaraq bildirir ki, o zaman da Avropa liderləri – Nevill Çemberlen və Eduar Daladye kompromisin böyük müharibənin qarşısını alacağına inanmışdılar. Nəticə isə həm rüsvayçılıq, həm də müharibə oldu.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi ilə illərlə edilən xəbərdarlıqların gözardı edilməsinin ağır nəticələri üzə çıxdı. Sonrakı Münhen konfransları artıq dəyişmiş reallığı “yaxalamağa” çalışan platformalara çevrildi.

Ramiz Yunus bildirir ki, 2026-cı il konfransında Almaniya kansleri Fridrix Mertsin çıxışı son 20 ilin ən sərt Berlin bəyanatı kimi yadda qaldı: “Bu çıxış diplomatik balans axtarışından daha çox məsuliyyət götürmək hazırlığını nümayiş etdirdi. Kanslerin nitqində Polşanın xarici işlər naziri Radoslav Sikorskinin 15 il əvvəl söylədiyi “Mən Almaniyanın gücündən yox, fəaliyyətsizliyindən qorxuram” fikrinin sitat gətirilməsi isə açıq siyasi mesaj idi. SSRİ dağıldıqdan sonra Fransa və Almaniya arasında qeyri-rəsmi rol bölgüsü formalaşmışdı: Paris diplomatiya və təşəbbüslərə, Berlin isə iqtisadi dayanıqlığa cavabdeh idi. Lakin Ukrayna müharibəsi bu modeli dəyişib. Münhendə Almaniyanın artıq yalnız iqtisadi lokomotiv yox, həm də siyasi lider olmaq istədiyi aydın görünür. ABŞ dövlət katibi Marko Rubionun çıxışı da diqqət çəkdi. O, bir il əvvəl vitse-prezident tərəfindən daha sərt formada səsləndirilmiş mesajı təkrarladı: Avropa strateji asılılıqdan çıxmalı, daha çox məsuliyyət daşımalıdır. Vaşinqton geri çəkilmir, lakin yükün bölüşdürülməsini tələb edir”.

Ramiz Yunusun fikrincə, əsas sual budur: 2026-cı il Münhen konfransı real strateji dönüş nöqtəsi olacaq, yoxsa növbəti deklarativ mərhələ kimi tarixə düşəcək?

Tarix göstərir ki, yumşaltma siyasəti ilk atəş səslərinədək rasional görünür. Lakin zəifliyin qiyməti sonradan daha baha başa gəlir.

Politoloq yekunda Uinston Çörçillin məşhur fikrini xatırladır: “Bir ölkə müharibə ilə rüsvayçılıq arasında seçim edərkən rüsvayçılığı seçərsə, həm müharibə, həm də rüsvayçılıq əldə edər”.

Ramiz Yunusun qənaətinə görə, Avropa üçün artıq seçim anı çatıb. Münhen 2026 ya dönüş nöqtəsi olacaq, ya da növbəti qaçırılmış fürsət kimi tarixə düşəcək.

Rasim Əliyev

“AzPolitika.info”