ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşneri gətirən təyyarə Moskvaya çatıb. Təyyarə hökumətə məxsus Vnukovo-2 hava limanına eniş edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bundan öncə “Axios” xəbər vermişdi ki, Trampın elçiləri bu həftə sonu müharibəyə son qoymaq yollarını müzakirə etmək üçün Moskva və Kiyevə səfər edəcəklər. Sonradan Donald Tramp və Volodimir Zelenski də bunu təsdiqlədilər.

Lakin “Bloomberg” Rusiya rəhbərliyinə yaxın mənbələrə istinadla xəbər verib ki, Kremldə səfərlə bağlı gözləntilər "son dərəcə aşağıdır". Uitkoff və Kuşnerin əvvəlki səfərləri heç bir nəticə verməyib və bu dəfə də onların Moskva üçün məqbul təkliflər gətirdiklərinə inanmaq üçün heç bir səbəb yoxdur. Vladimir Putin müharibəni yalnız öz şərtləri ilə bitirməyə hazırdır. Agentlik qeyd edir ki, Kreml Rusiya ordusunun hərbi üstünlüyə malik olduğuna inandığı üçün Rusiyanın tələbləri daha da sərtləşir.

Qeyd edək ki, daha öncə Rusiyanın səmasını bağlamaq barədə bəyanat verən Volodimir Zelenski Uitkoff və Kuşnerin səfərilə bağlı qarşı tərəfi atəşkəsə çağırmışdı. Lakin bu çağırışa heç bir cavab verilmədi və qarşılıqlı hava hücumları davam edir.

“AzPolitika.info”