Vladimir Putin bu gün Sergey Verşinini Rusiya Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edərək, Rusiyanın Türkiyədəki yeni səfiri təyin edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə fərman Rusiya rəsmi mediasında dərc edilib.

Verşininin 72 yaşı var. O, 1976-cı ildə məşhur Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu(MQIMO), 1991-ci ildə isə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. 1976-cı ildən diplomatik xidmətdədir. Rəsmi bioqrafiyasından belə görünür ki, ərəb, fransız və ingilis dillərini bilsə də, Türk dilini bilmir.

Verşinin 1997-ci ildən 2000-ci ilə qədər Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin şöbə müdiri vəzifəsində çalışıb.

31 dekabr 1999-cu ildən 8 dekabr 2003-cü ilə qədər Rusiya Federasiyasının Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri olub.

2005-ci ildən 2018-ci ilə qədər Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru vəzifəsində çalışıb.

27 mart 2018-ci ildən 20 fevral 2026-cı ilə qədər Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini vəzifəsini daşıyıb.

Verşinin daha çox Yaxın Şərq və xüsusilə Suriya üzrə mütəxəssis sayılır. 2011-ci ildən o, Rusiya Xarici İşlər Nazirinin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb. Verşinin Rusiyanı Yaxın Şərq Dördlüyü danışıqlarında təmsil edib. 2017-ci ildə o, Astana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri olub, eləcə də Cenevrə və Vyanada Suriya müxalifətinin nümayəndələri ilə görüşlərdə iştirak edib.

C.Məmmədli

“AzPolitika.info”