Cenevrədə Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü başlayıb. Görüşdə Ukraynanın bərpası mexanizmləri, Rusiya ilə üçtərəfli görüşə hazırlıq və əsir mübadiləsi məsələləri müzakirə olunacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “Telegram”-da məlumat paylaşıb.

"Bu gün Cenevrədə danışıqlar prosesi üzərində işimizi davam etdiririk. Amerika nümayəndə heyəti - Stiv Uitkoff və Cared Kuşner ilə ikitərəfli görüş başlayıb. Bu gün Ukrayna nümayəndə heyətinə David Araxamiya, Aleksey Sobolev və Daria Marçak qoşulub", - deyə o bildirib.

Nümayəndə heyətinin rəhbəri həmçinin Rusiya tərəfinin iştirakı ilə keçiriləcək növbəti üçtərəfli danışıqlara hazırlıqların müzakirə olunacağını açıqlayıb. O, bu mərhələdən əvvəl mövqelərin sinxronlaşdırılmasının vacibliyini vurğulayıb.

"Vacib sahə humanitar məsələ və mümkün mübadilə məsələsidir. Vətəndaşlarımızın geri qayıtması ilə bağlı konkret nəticələrə ümid edirik", - deyə Umerov əlavə edib.

“AzPolitika.info”