Cenevrədə Oman Sultanlığının vasitəçiliyi ilə aparılan son danışıqlarda poztiv nəticələr əldə olunmasına baxmayaraq, İrana qarşı hərbi əməliyyatlara start verilib. İsrail mediası və ABŞ-ın aparıcı nəşrlərinin məlumatına görə, İsrail və ABŞ İrana qarşı genişmiqyaslı hava əməliyyatına başlayıb.
İsrailin “Kanal 12” telekanalı əməliyyatın ABŞ və İsrailin birgə hücumu olduğunu bildirib. Eyni zamanda “The New York Times” Amerika rəsmisinə istinadən ABŞ-nin hücumda iştirak etdiyini yazıb. CNN isə iki ABŞ rəsmisinin sözlərinə əsaslanaraq Vaşinqtonun İrandakı zərbələrdə iştirakını təsdiqləyib. Rəsmilərdən biri zərbələrin davam etdiyini və onların “kiçik olmayan zərbələr” olduğunu bildirib.
“The Wall Street Journal” (WSJ) da ABŞ rəsmisinə istinadla Vaşinqtonun hücumda iştirak etdiyini və eyni zamanda zərbələr endirdiyini yazıb. ABŞ rəsmisi “Al Jazeera” telekanalına açıqlamasında bildirib ki, hava hücumları İranın təhlükəsizliyini pozmaq məqsədi daşıyır və əməliyyatların genişmiqyaslı olacağı gözlənilir.
Bu gün səhər İran paytaxtı Tehranda, xüsusilə Mehrabad hava limanı yaxınlığında partlayışlar qeydə alınıb. Tehranın qərb hissəsində yeni partlayışların baş verdiyi bildirilir.
“Fars” agentliyinin məlumatına görə, bir neçə raket Tehranın Universitet küçəsinə düşüb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Tehranda məhkəmə binasının da zərbələrə məruz qaldığı iddia olunur.
Partlayışların Qum və İsfahan şəhərlərinə də yayıldığı bildirilir. Kirmanşahda da partlayış səsləri eşidildiyi qeyd olunur.
Eyni zamanda Tehranın bəzi ərazilərində mobil telefon şəbəkəsində fasilələr yaranıb. İran hava məkanının bağlanması barədə məlumat yayılıb.
“Reuters” agentliyinə danışan iranlı rəsmi bildirib ki, İranın Ali Lideri Əli Xameneinin Tehrandan təhlükəsiz yerə köçürülüb.
İsrail hava məkanını bağladığını elan edib. Bundan əlavə, Suriya üzərində İsrailin intensiv hava fəaliyyəti müşahidə olunur.
İsrail KİV-i iddia edir ki, əməliyyat çərçivəsində “cənab Xameneinin ofisi bombalanıb”. Bu məlumat hələlik rəsmi Tehrandan təsdiqlənməyib.
İsrailin yüksək vəzifəli mənbəsi “Ynet” nəşrinə bildirib ki, İranda çox sayda hədəfli sui-qəsd əməliyyatları həyata keçirilir və “hər raketin konkret ünvanı var”.
“Reuters”ə danışan İsrail təhlükəsizlik mənbəsi isə bildirib ki, əməliyyat aylarla planlaşdırılıb və tarix həftələr əvvəl müəyyən edilib.
Ərbil Beynəlxalq Hava Limanının direktoru İraq üzərindən uçuşların dayandırıldığını açıqlayıb. İranın hava məkanını bağlaması fonunda regionda aviasiya hərəkətində ciddi məhdudiyyətlər tətbiq olunur.
Qətərdəki ABŞ səfirliyi bütün əməkdaşları üçün evdə qalmaq göstərişi verib.
İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi sərt bəyanatla çıxış edib: “Sizi xəbərdar etdik. İndi sonu artıq sizin əlinizdə olmayan bir yola başladınız”.
Hazırda zərbələrin davam etdiyi bildirilir. ABŞ və İsrail tərəfindən həyata keçirilən əməliyyatın miqyası və mümkün cavab addımları Yaxın Şərqdə daha genişmiqyaslı qarşıdurma riskini artırır. Regionda vəziyyət sürətlə dəyişir.
Xatırladaq ki, fevralın 26-da Cenevrədə Oman Sultanlığının vasitəçiliyi ilə ABŞ və İran arasında keçirilən növbəti danışıqlar müəyyən pozitiv nəticə ilə yekunlaşmışdı. Danışıqlarda iştirak edən ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff, həmçinin İranın xarici işlər naziri Abbas Arakchi son görüşü “kütləvi silahlı qarşıdurmanın qarşısını almaq üçün son şans” adlandırıblar. Omanın rəsmi nümayəndəsi Badr al-Busaidi danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə edildiyini bildirib və qeyd edib ki, gələn həftə Vyanada texniki səviyyədə müzakirələr davam edəcək.
Qeyd edək ki, Vyana Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) qərargahına ev sahibliyi edir. İran tərəfi də danışıqlarda “böyük irəliləyiş” olduğunu açıqlayıb. ABŞ-dəki “Axios” nəşri yüksək vəzifəli nümayəndəyə istinadən görüşləri "müsbət" adlandırıb. Eyni zamanda, “The Wall Street Journal” öz mənbələrinə istinadla yazır ki, İran ABŞ-nin tələblərini - nüvə obyektlərinin tamamilə ləğvi və zənginləşdirilmiş uranın verilməsi qəbul etməyib.
İranın yüksək vəzifəli rəsmisi "Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib ki, Tehran MAQATE-nin nəzarəti altında uranın zənginləşdirilməsini dondurmağa hazırdır. Lakin İran nüvə zənginləşdirməsini tam dayandırmaq, obyektləri sökmək və ABŞ-yə uran ehtiyatını vermək niyyətində deyil. Eyni zamanda Tehran sanksiyaların ləğvini müqavilənin şərti kimi irəli sürür.
Həlilik İrana hava zərbələrinin diplomatik danışıqları dayandıracağına da dair rəsmi bəyanatlar yoxdur. Ehtimallardan bir odur ki, Tehranın tutduğu mövqe ABŞ-nin əsəblərini tarıma çəkib, hərbi zərbələr endirməklə İran rəhbərliyinə tammiqyaslı müharibə qərarı vermək ərəfəsində olduğunu göstərməyə çalışır. Bu səbəbdən zərbələrin intensivləşcəyini, İranın dərhal İsrailə və bölgədəki ABŞ hərbi bazalarına adekvat zərbələr endirməsi hələlik gözlənilən deyil…
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər