Yaxın Şərqdə hərbi eskalasiya davam edir. İranın Tasnim News Agency agentliyinin məlumatına görə, Tehran İsrail istiqamətində növbəti raket dalğasını buraxıb.

Eyni zamanda İran İnqilab Keşikçiləri Korpusu –SEPAH İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatının başladığını elan edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın Hayfa limanından yüksək sürətlə çıxdığı əks olunur. İsrail tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Yüksək vəzifəli iranlı rəsmi “Al Jazeera” telekanalına müsahibəsində İsrailə sərt xəbərdarlıq edib.

“Biz İsrailə açıq şəkildə deyirik: gələnlərə hazır olun. Cavabımız açıq olacaq və heç bir qırmızı xətt olmayacaq. Bütün variantlar masadadır, o cümlədən əvvəllər nəzərdən keçirilməyən ssenarilər”, – deyə iranlı rəsmi bildirib.

Beləliklə, tərəflər arasında qarşılıqlı zərbələr yeni mərhələyə qədəm qoyur. SEPAH-ın “genişmiqyaslı əməliyyat” bəyanatı və Tehranın “qırmızı xətlərin olmayacağı” barədə xəbərdarlığı regionda daha geniş hərbi toqquşma riskini artırır.

“AzPolitika.info”

***

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı raket və dron hücumlarının başladıldığını elan edib.

İran mediasının məlumatına görə, SEPAH bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, “düşmənin İran İslam Respublikasına təcavüzünə cavab olaraq, raket və dron hücumlarının ilk dalğası başlayıb”.