Rusiya, əgər Ukrayna qoşunlarını Donbasdan çıxarmağa razı olarsa, sülh müqaviləsi imzalamağa hazırdır. Lakin Rusiya rəsmiləri düşünürlər ki, Kiyev ərazini güzəştə getməyə hazır deyilsə, Ukrayna ilə sülh danışıqlarını davam etdirməyin mənası yoxdur.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadla məlumat yayıb.

"Gələn həftəyə planlaşdırılan danışıqlar tərəflərin müharibənin bitməsi şərtləri ilə bağlı razılığa gəlməsi üçün çox vacib olacaq. Eyni zamanda, mənbələr qeyd ediblər ki, Ukrayna Prezidenti Volodimir Zelenski güzəştə getməkdən imtina edərsə, Rusiyanın danışıqlardan çıxması ehtimalı çox yüksəkdir", - deyə nəşr yazır.

Bundan əlavə, bir mənbəyə görə, Ukrayna qoşunlarını Donetsk vilayətinin qalan hissəsindən çıxarmağa razı olarsa, Rusiya sülh müqaviləsi layihəsini imzalamağa hazırdır. O əlavə edib ki, bundan sonra tezliklə Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında razılaşmanı təsdiqləmək üçün zirvə görüşü keçiriləcək. Bu da Rusiya və Ukrayna ordularının qarşılıqlı şəkildə geri çəkilməsi ilə nəticələnəcək.

Rusiya həmçinin razılaşmanın bir hissəsi olaraq Ukraynanın şimal-şərqindən - Sumı və Xarkov vilayətlərindən, eləcə də Dnepropetrovsk bölgəsindən qoşunlarını çıxarmağa hazırdır: “Həmçinin, Rusiya Xerson və Zaporojye bölgələrində ərazi genişləndirilməsində israr etməyəcək”, - deyə mənbə bildirib.

Eləcə də, məlumatda deyilir ki, Rusiya ABŞ-nin rəhbərliyi ilə atəşkəs rejiminin monitorinqinə razılıq verəcək, lakin Ukraynada xarici qoşunların mövcudluğuna icazə verməyəcək. Bununla yanaşı, Rusiya Ukrayna ordusunun sayını məhdudlaşdırmaq tələbindən də imtina edəcək.

Məlumatda deyilir ki, ötən həftə tərəflər Cenevrədə görüşərək razılığa gəlməyə çalışıblar. Vəziyyətlə tanış olan mənbələrin məlumatına görə, Cenevrə görüşündən sonra Kreml nümayəndələri ABŞ rəsmilərinə deyiblər ki, Ukraynadan ərazi güzəştləri olmadan əlavə danışıqlar mənasız olacaq, çünki demək olar, bütün digər məsələlər artıq həll olunub.

Xatırladaq ki, bundan öncə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovun dediyinə görə, 4-5 fevral tarixlərində Cenevrədə keçirilən danışıqların birinci mərhələsində Rusiya tərəfinin əsas tələbi Donbasın qaytarılması olub. Ukrayna Prezidenti Volodimir Zelenski isə deyib ki, Ukraynanın müharibəni payıza qədər - noyabr ayında keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən əvvəl bitirmək şansı var.

C.Məmmədli

“AzPolitika.info”