Yaxın Şərqdə ABŞ və İsrailin İrana zərbələrindən sonra yaranan gərginlik Avropada enerji bazarlarını silkələyib.
“AzPolitika” “Euronews” telekanalına istinadla bildirir ki, Qətərin İran hücumlarından sonra mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırması fonunda spot qaz qiymətləri kəskin artıb.
Avropada baza qaz qiyməti hesab olunan və Niderlanddakı Title Transfer Facility (TTF) habında formalaşan kotirovkalar günorta hərraclarında təxminən 45% bahalaşaraq 46 avro/meqavat-saat səviyyəsinə yüksəlib.
Eyni zamanda, Avropada birja qiymətləri 2023-cü ilin fevralından bəri ilk dəfə 650 dollar həddini keçib. Böyük Britaniyada da qaz qiymətləri paralel şəkildə kəskin artım göstərib.
Qlobal enerji bazarındakı şokun əsas səbəblərindən biri “QatarEnergy” şirkətinin açıqlaması olub. Şirkət bazar ertəsi günün birinci yarısında bildirib ki, ən böyük qaz yatağı olan “North Field” ilə əlaqəli LNG istehsalı müəssisələrinə hücumdan sonra hasilatı müvəqqəti dayandırıb.
Şirkət fasilənin miqyası və ixraca təsiri barədə detallı məlumat verməyib.
Bazar iştirakçılarını narahat edən əsas amillərdən biri də Hörmüz boğazı ətrafında yaranan təhlükədir. İranın nəzarət imkanlarının yüksək olduğu bu dar dəniz dəhlizi dünya neft və LNG tədarükünün ən kritik marşrutlarından biridir.
Məlumata görə, İran zərbələrdən sonra boğazdan keçidi məhdudlaşdırmağa başlayıb.
Hörmüzdən dünya neft tədarükünün təxminən 20%-i keçir;
Dəniz yolu ilə daşınan xam neftin 38%-i bu marşrutdan daşınır;
Qlobal LNG tədarükünün üçdə biri bu dəhlizdən keçir;
Qətər Avropanın LNG idxalının təxminən 12–14%-ni təmin edir.
Uzunmüddətli fasilə Avropanın enerji təhlükəsizliyi üçün ciddi risk yarada bilər.
İstilik mövsümünün başa çatmasına baxmayaraq, Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi hazırda 30%-dən aşağıdır. Halbuki ötən ilin eyni dövründə bu göstərici təxminən 40% idi.Ən həssas ölkələr sırasında blokun iki aparıcı iqtisadiyyatı – Almaniya və Fransa göstərilir.
“Gas Infrastructure Europe” təşkilatının məlumatına görəAlmaniyada qaz anbarları 20,5%,Fransada isə 21% doluluq səviyyəsindədir.
Analitiklər hesab edir ki, Yaxın Şərqdə hərbi əməliyyatların uzanması və Hörmüz boğazında real blokada ssenarisi Avropada enerji qiymətlərini daha da yüksəldə bilər.
Rusiya qazından asılılığı azaltmağa çalışan Avropa üçün Qətər LNG-si strateji alternativ hesab olunur. Bu mənbədə yaranan fasilə isə enerji təhlükəsizliyi məsələsini yenidən gündəmin ilk sırasına çıxarıb.
Bazarın reaksiyası göstərir ki, Yaxın Şərqdə hərbi eskalasiya artıq qlobal enerji qiymətlərinə birbaşa təsir etməyə başlayıb.
“AzPolitika.info”

Şərhlər