Rusiyanın Federal Kəşfiyyat Xidməti (FSB) Sverdlovsk vilayətində saxlanılan şəxsin əməliyyat zamanı həlak olduğunu açıqlayıb. Xidmətin versiyasına görə, 1985-ci il təvəllüdlü Rusiya vətəndaşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alınıb və terror aktı törətməyə hazırlaşıb.
FSB iddia edir ki, şübhəli şəxs adı açıqlanmayan müdafiə-sənaye müəssisəsinin rəhbərinin avtomobilini partlatmağı planlaşdırıb.
Lakin bu hadisəni əvvəlkilərdən fərqləndirən əsas detal təhlükəsizlik xidmətinin açıqlamasıdır. FSB bildirib ki, şübhəli saxlanılma zamanı əməkdaşlar tərəfindən güllələnməyib, əksinə guya onun “ukraynalı kuratoru” tərəfindən məsafədən partladılıb.Rəsmi məlumata görə, partlayış zamanı başqa xəsarət alan olmayıb.
Hadisə yerində, iddiaya görə, korpusu “poverbank”a yerləşdirilmiş daha bir partlayıcı qurğu da aşkar edilib. Faktla bağlı terror aktına hazırlıq maddəsi ilə cinayət işi açılıb.
FSB son illərdə tez-tez saxlanılma zamanı şübhəlilərin “müqavimət göstərərək məhv edildiyi” barədə məlumatlar yayıb. Rusiya mediasında onlarla belə hadisə işıqlandırılıb.
Ancaq saxlanılan şəxsin guya kuratoru tərəfindən məsafədən partladılması barədə iddia ilk dəfə səsləndirilir. Xidmət eyni zamanda Ukrayna xüsusi xidmət orqanlarını “ölümə göndərilən şəxsləri” ələ almaqda ittiham edib.
Baş verənlərlə bağlı müstəqil təsdiq yoxdur və həlak olan şəxsin kimliyi barədə detallı məlumat açıqlanmayıb.
Kiyev isə bu ittihamlara münasibət bildirməyib.
“AzPolitika.info”

Şərhlər