Natiq Cəfərli: “Dünyada neft-qaz qiymətlərini ABŞ diqtə edə bilər”
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya müsahibəsində ABŞ-İsrail alyansının İrana qarşı apardığı hərbi əməliyyatların qlobal enerji bazarına, eləcə də Azərbaycanla İran arasında iqtisadi-ticarət əlaqələrinə mümkün təsirləri barədə sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Natiq bəy, dünyada ən böyük karbohidrogen ehtiyatlarına malik üç ölkədən biri olan İrana qarşı ABŞ-İsrail alyansının apardığı hərbi əməliyyatlar qlobal enerji bazarına necə təsir edir?
– Fövqaladə bir durum baş vermədi. Əslində gözləntilər daha faciəvi bir şəraitin yaranacağından ibarət idi. İlkin mərhələdə belə proqnozlar var idi ki, müharibə başlasa, neft qiymətlərində ciddi sıçrayış olacaq. Çünki dünya neft hasilatının təqribən 30 faizi həmin bölgənin payına düşür, daşınmanın isə təxminən 20 faizi Hörmüz boğazı ətrafından həyata keçirilir. Buna görə daha kəskin qiymət artımı gözlənilirdi. Amma görünən odur ki, qiymətlər 83 dollara qalxsa da sonradan 78 dollar səviyyəsinə qədər endi. (Hazırda neft yenidən bahalaşaraq, 86 dollara çatıb - red.)
- Səbəb nədir, bu qiymətlər nə qədər davamlıdır, daha sonra nə gözlənilir?
- Əsas məsələ fundamental bazar amilləridir. Prosesləri fundamental səbəblər baxımından dəyərləndirəndə ciddi dəyişiklik görünmür. Əksinə, hasilat artır. Dünyada əvvəlki illərlə müqayisədə neftə tələbatın artım tempi zəifləyib. Əvvəllər hər il artım müşahidə olunurdu, indi isə müəyyən azalma var. Hazırda dünyada gündəlik neft istehlakı təxminən 100–105 milyon barel arasındadır. Halbuki 2000-ci illərin əvvəlində, 25 il öncəki proqnozlara görə, 2025-ci ildə bu rəqəmin 140–150 milyon barelə çatacağı gözlənilirdi. Lakin yeni texnologiyalar, elektrik avtomobilləri, yaşıl və bərpa olunan enerji mənbələrinin inkişafı bu artım tempinə ciddi təsir göstərdi. Ona görə də fundamental səbəblər göstərir ki, bazarda neft bolluğu var və bu, qiymətlərin kəskin artmasına imkan vermir.
- Qaz bazarında isə sıçrayış var...
- Qaz bazarında vəziyyət bir qədər fərqlidir. Qətər dünya mayeləşdirilmiş qaz (LNG) bazarının təxminən üçdə birinə nəzarət edir və əsas istehlakçı region Avropa Birliyi ölkələridir. Dünən Avropa birjalarında qazın qiyməti 50 faizdən çox artdı, lakin sonradan 580 dollar səviyyəsində sabitləşdi. Müqayisə üçün qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda qiymətlər 3000 dolları keçmişdi. Yəni hazırkı vəziyyətdə hələ ki, faciəvi qiymət artımı müşahidə olunmur.
Ümumilikdə isə əgər münaqişə uzunmüddətli xarakter alsa, aylarla, hətta yarım il davam etsə və neftin daşınmasına deyil, birbaşa hasilatına zərər vursa, o zaman qiymətlərdə çox ciddi artım görə bilərik. Məsələn, neftin qiyməti 120–150 dollar aralığına qədər yüksələ bilər. Bunun üçün iki əsas şərt lazımdır: Münaqişə uzun müddət davam etməlidir, zərbə daşınmaya yox, birbaşa hasilata dəyməlidir. Məsələn, əgər gündəlik 9 milyon barel neft hasil edən ölkədə hasilat 3–4 milyon barel azalsa, bu, qlobal bazarda ciddi effekt yarada və qiymətlərin kəskin artımına səbəb ola bilər.
– Natiq bəy bu gün (dünən - red) Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər səviyyəsində iclası keçirilir. Avropadan Azərbaycanın gözləntiləri həm də onunla bağlıdır ki, Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişlənməsi ilə bağlı strateji qərar versin, investisiya, müqavilələr təklif etsin. İran ətrafında baş verənlər göstərir ki, qazın boru kəmərləri ilə daşınması tankerlərlə müqayisədə daha təhlükəsizdir. Bu da Azərbaycanın təkliflərinin önəmini artırır...
– Burada iki yanaşma var. Qlobal baxış bucağından və Avropanın maraqları prizmasından yanaşsaq, eyni zamanda Azərbaycanın və digər qaz istehsalçılarının maraqlarını nəzərə alsaq, müəyyən fikir ayrılığı mövcuddur. Avropa İttifaqı əsasən uzunmüddətli, sabit (fiksə olunmuş) qiymətli müqavilələrə ehtiyatla yanaşır və daha çox birja mexanizmlərinə üstünlük verir. Qazın qiyməti əsasən Hollandiya birjalarında formalaşır və gündəlik bazar prinsipləri ilə müəyyənləşir. Bu, neft bazarındakı mexanizmə bənzər yanaşmadır. Avropa eyni modeli həm Azərbaycana, həm Mərakeşə, həm Əlcəzairə, hətta Norveçin özünə də tətbiq etməyə çalışır. Lakin Azərbaycan kimi istehsalçı ölkələr uzunmüddətli – ən azı 5–10 illik – qiymətləri əvvəlcədən müəyyən edilmiş müqavilələrin tərəfdarıdır. Çünki istehsalçı üçün əsas risk investisiyanın geri dönüşü ilə bağlıdır. Əgər ölkə milyardlarla dollar investisiya qoyaraq qaz hasilatını artırırsa və sabah qiymət 100–150 dollardan kəskin şəkildə aşağı düşərsə, layihənin maliyyə yükünü çıxarmaq çətinləşir.
- İnvestisiyanı yalnız istehsalçı ölkə qoyur?
- Bəli, əsas investisiyanı məhz istehsalçı tərəf qoyur. Məsələn, Cənub Qaz Dəhlizi çərçivəsində Şahdəniz yatağının ikinci mərhələsinə milyardlarla dollar vəsait yatırılıb və bunun əhəmiyyətli hissəsi Azərbaycanın payına düşüb. Digər tərəfdən, investorlar dövlətlər deyil, şirkətlərdir və onların marağı uzunmüddətli, sabit müqavilələrdədir. Geosiyasi gərginlik dövründə risklər yalnız təhlükəsizliklə bağlı olmur, daşınma xərcləri də artır. Məsələn, qaz tankerinin bir günlük icarə haqqı 100 min dolları keçə bilir, əlavə olaraq 25 min dollar və daha artıq sığorta xərcləri yaranır. Risk artdıqca sığorta haqları da yüksəlir və nəticədə ümumi daşınma xərci bahalaşır. Bu baxımdan boru kəmərləri daha cəlbedici görünür. Çünki boru kəmərləri ilə nəql daha ucuz və sabitdir. Lakin təcrübə göstərir ki, boru xətləri də tam təhlükəsiz deyil. Məsələn, Rusiyanın “Şimal axını” xətlərində baş verən partlayış göstərdi ki, infrastruktur da risk altındadır, belə hallarda uzunmüddətli dayanma baş verir və bərpa prosesi çox çətin olur. Ona görə də burada əsas məsələ təhlükəsizlik zəmanətləridir. Əgər bu zəmanətlər ciddi şəkildə təmin olunarsa, boru kəmərləri ilə nəql həm daha ucuz, həm də daha dayanıqlı variantdır. Yaxın Şərqdəki gərginlik fonunda bu proses Azərbaycan–Avropa danışıqlarında qaz məsələsində müsbət rol oynaya bilər.
– İran dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrdən biridir. Bu geosiyasi qarşıdurmanın səbəblərindən biri də İranın enerji resurslarına nəzarət məsələsidir. Prezident Tramp bunu açıq şəkildə etiraf edib. Əgər, ABŞ Venesueladan sonra İran nefti üzərində də nəzarəti təmin edərsə, regionun enerji xəritəsi necə dəyişə bilər?
– İran həqiqətən də böyük neft və qaz ehtiyatlarına malikdir və uzun illərdir sanksiyalar altındadır. Əgər gələcəkdə sanksiyalar zəifləsə və İran enerji bazarına tam qayıtsa, bu, qlobal bazarda ciddi rəqabət yarada bilər. Burada əsas məsələ təkcə siyasi nəzarət deyil, həm də bazar payıdır. İranın sanksiyalardan azad olunaraq bazara böyük həcmdə neft və qaz çıxarması həm Rusiya, həm də Azərbaycan kimi ixracatçı ölkələr üçün rəqabəti gücləndirə bilər. Yeni oyunçuların bazara daxil olması, sanksiyaların taleyi və geosiyasi risklərin davamlılığı regionun enerji balansını müəyyən edəcək. Nəticə etibarilə, proses həm risk, həm də imkan yaradır. Qısa müddətdə geosiyasi gərginlik Azərbaycan üçün Avropa bazarında mövqelərin möhkəmlənməsi baxımından üstünlük yarada bilər. Uzunmüddətli perspektivdə isə bazara yeni böyük həcmlərin daxil olması rəqabəti artıracaq və daha çevik enerji strategiyası tələb edəcək.
Amma burada bir mühüm məsələ var. İran dünya neft-qaz bazarında çox ciddi oyunçuya çevrilmək üçün zamana və on milyardlarla dollar investisiyaya ehtiyac duyur. Neft hasilatını bərpa etmək nisbətən asandır və daha tez mümkündür. Lakin qaz hasilatını artırmaq üçün həm böyük investisiya, həm də uzun zaman lazımdır. Əgər uzunmüddətli proyeksiya etsək və İranın bazara qayıtmasını, eləcə də Amerika və digər Qərb şirkətlərinin orada dominant mövqe tutmasını nəzərə alsaq, dünya enerji xəritəsinin dəyişməsi mümkündür.
Əgər Venesueladan sonra İran da müəyyən razılaşmalar nəticəsində nəzarət altına alınarsa, o zaman dünya neft və qaz qiymətlərinə təsir imkanları ABŞ-nin əlinə keçə bilər. Bu isə əsas strateji hədəf kimi görünür. Avropa üçün isə mənzərə bir qədər fərqlidir. Avropa İttifaqı İranı resurs potensialına və marşrut üstünlüklərinə görə Rusiyanı əvəz edə biləcək yeganə ölkə kimi görür. Hətta Rusiya və İran strateji müttəfiq kimi təqdim olunsa da, reallıqda İran uzunmüddətli perspektivdə Rusiya üçün böyük rəqibdir. Rusiya da bunu anlayır və İranın Qərb bazarlarına tam çıxış əldə etməsini istəmir. Burada Rusiyanın strategiyası İranın Qərb bazarlarına inteqrasiyasını məhdudlaşdırmaq, gərginliyi davam etdirmək və bu yolla öz bazar payını qorumaq idi. Əks halda, ABŞ neft-qaz bazarında daha dominant mövqeyə yüksələrsə, çox ciddi geosiyasi rıçaqlar əldə edə bilər. Yəni qlobal bazarda qiymətləri ABŞ diqtə edə bilər.
Məsələn, nəzəri olaraq belə ssenari mümkündür: ABŞ və Rusiya arasında müəyyən razılaşma olarsa, “Şimal axını” kimi layihələr simvolik şərtlərlə bərpa edilə bilər. Hətta formal olaraq sanksiyalar qalsa belə, qazın hüquqi statusu dəyişdirilərək başqa mexanizmlə bazara çıxarılması mümkündür. Bu isə Avropa üçün strateji risk yaradır. Avropalılar artıq anlayırlar ki, Amerika Birləşmiş Ştatları yalnız təhlükəsizlik təminatçısı deyil, həm də enerji və iqtisadi sahədə ciddi rəqibdir. ABŞ-nin uzun illər Avropanın təhlükəsizliyinə vəsait qoyduğu barədə ritorikası var: 1945-ci ildən bəri təhlükəsizlik üçün 80 trilyon dollar xərcləndiyi vurğulanır və indi bunun iqtisadi qarşılığı tələb oluna bilər. Yəni təhlükəsizlik də, enerji də artıq kommersiya predmetinə çevrilir.
- Tramp gözləyir, Avropa isə susur...
- Bəli, dediyim kimi bu səbəbdən Avropada İran əməliyyatına vahid və açıq dəstək yoxdur. Böyük Britaniya ilkin mərhələdə məsafəli mövqe sərgiləmişdi, lakin İranın bazalara yönəlmiş addımlarından sonra mövqedə dəyişiklik oldu. Fransa isə daha ehtiyatlı və tənqidi mövqe tutdu; hətta Təhlükəsizlik Şurasının çağırılması təşəbbüsü də Parisdən gəldi. İspaniya açıq şəkildə etiraz etdi və ABŞ-ni tənqid etdi. Şimali Avropa ölkələri isə prosesə birbaşa qoşulmadı. Bu, sadəcə siyasi simpatiya məsələsi deyil. Avropa strateji olaraq düşünür ki, əgər ABŞ həm Rusiya, həm də İran üzərində enerji təsir imkanlarını artırsa, qlobal bazarda dominant mövqeyə yüksələ bilər. Bu isə Avropanın enerji müstəqilliyi baxımından risklidir.
– Eenerji mənbələrindən asılı olan Çin sakit görünür, amma bu prosesdən narahat olması sirri deyil...
- Əlbəttə, Çin də kifayət qədər narahatdır. Çin dünyanın ən böyük enerji idxalçılarından biridir və Yaxın Şərq onun üçün strateji əhəmiyyət daşıyır. İran Çinin əsas enerji tərəfdaşlarındandır və sanksiyalar dövründə belə Pekin Tehranla əlaqələri qoruyub. Əgər İran bazara Qərb şirkətləri vasitəsilə və ABŞ-nin təsir dairəsində qayıdarsa, bu, Çinin enerji təhlükəsizliyinə təsir edə bilər. Digər tərəfdən, enerji qiymətlərinin kəskin artımı Çin iqtisadiyyatı üçün əlavə təzyiq deməkdir. Ona görə də Çin daha çox sabitlik və balanslı enerji xəritəsinin qorunmasında maraqlıdır. Nəticə etibarilə, bu qarşıdurma yalnız regional münaqişə deyil. Burada ABŞ, Avropa, Rusiya, İran və Çin arasında qlobal enerji balansı uğrunda uzunmüddətli strateji rəqabət gedir. Çin daha uzunmüddətli və strateji düşüncəyə malikdir. Onlar gündəlik suallara deyil, “axırıncı suala” cavab axtarırlar. Yəni nəticədə qlobal balans necə formalaşacaq? Məsələn, fərz edək ki, İran bazardan sıxışdırıldı. Bu, Çin üçün enerji baxımından ciddi zərbədir? Əslində məsələ bir qədər şişirdilir. Çinin gündəlik neft istehlakı təxminən 9–10 milyon bareldir.

- Özü də böyük neft istehsalçısıdır..
- Təlabatının təxminən 4–5 milyon barelini özü istehsal edir, qalan hissəni idxal edir. İranın payı isə ümumi idxalda təxminən 10 faiz civarındadır. Çin təkcə İrandan almır. Venesuela, Rusiya, Səudiyyə Ərəbistanı və digər mənbələr də var. İran və Venesueladan birlikdə təxminən 1 milyon barel alırdı. Əsas həcmlər isə yenə də digər böyük istehsalçılardandır. Yəni Çin üçün İranın rolu var, amma əvəzolunmaz deyil. İran və Venesuela həm də ABŞ ilə danışıqlarda alət rolunu oynayırdı. Gərginlik yarananda Rusiya və Çin vasitəçi kimi ortaya çıxır, danışıqlarda moderatorluq edir və bununla siyasi dividendlər qazanırdı. Bu, xüsusilə “Qlobal Cənub” konsepsiyası çərçivəsində onlara əlavə siyasi güc verirdi. İran zəifləsə və ya nəzarətə keçsə, bu alət də zəifləyir. Lakin Çin daha uzaq perspektivi düşünür. Pekin anlayır ki, uzunmüddətli perspektivdə strateji rəqabət yalnız ABŞ ilə deyil, eyni zamanda Rusiya ilə də mümkündür. Coğrafi, iqtisadi və demoqrafik baxımdan Çinin ekspansiya imkanlarının əsas istiqamətlərindən biri Rusiya əraziləridir. Bu baxımdan, Çin Rusiya ilə münasibətlərə taktiki yox, strateji praqmatizm prizmasından baxır. Digər tərəfdən, Çin və ABŞ iqtisadiyyatları bir-birindən dərin şəkildə asılıdır, 2 trilyon dollar həcmə malikdir. Birinin ciddi zəifləməsi digərinə də ağır təsir göstərər. Bu qarşılıqlı asılılıq Pekini daha ehtiyatlı davranmağa vadar edir. Ona görə də Çin açıq qarşıdurma mövqeyi tutmur. ABŞ ilə Avropa Birliyi arasında da illik trilyonlarla dollar həcmində qarşılıqlı ticarət var. Bu qarşılıqlı asılılıq fonunda böyük güclər sonda müəyyən anlaşma modelinə gəlməyə məcburdur. Əgər ABŞ və Çin müəyyən razılaşmaya gəlsə, bu, Rusiya üçün ciddi geosiyasi çətinlik yarada bilər.
– Natiq bəy, Azərbaycanın durumu necədir? İlin əvvəlində neft-qaz hasilatı göstəriciləri hansı mənzərəni göstərir?
– Ümumi trend ondan ibarətdir ki, neft hasilatı azalma istiqamətindədir. Lakin İqtisadiyyat Nazirliyi və SOCAR müəyyən proqnozlar təqdim ediblər. Həmin proqnozlara görə, 2029-cu ilə qədər hasilatın sabitləşdirilməsi mümkündür. Yeni və nisbətən kiçik yataqlar – məsələn, Babək və Ümid həm neft, həm də qaz istehsalı baxımından müəyyən dəstək verə bilər. Bu yataqlarda hasilat böyük deyil, lakin ümumi enişin qarşısını almağa və müəyyən sabitlik yaratmağa kömək edə bilər. Azərbaycan OPEC+ razılaşmasının üzvüdür və kvota çərçivəsində hasilat həyata keçirir. Gündəlik neft hasilatı təxminən 480–500 min barel civarındadır. Ümumi illik göstəricilər yüz milyonlarla barel səviyyəsindədir. Bununla yanaşı, daxili istehlak da mövcuddur – gündəlik 100 min bareldən bir qədər çox həcmdə neft ölkə daxilində emal olunur (mazut, benzin, dizel və s. istehsalı üçün). Real ssenari ondan ibarətdir ki, 2028–2030-cu illərə qədər kəskin enişin qarşısını almaq və müəyyən “plato” mərhələsinə çıxmaq mümkündür. Kondensatla birlikdə ümumi maye karbohidrogen hasilatını 700 min barel səviyyəsinə yaxınlaşdırmaq ehtimalı var. Lakin bunun üçün üç əsas amil lazımdır - zaman, böyük həcmdə investisiya,müasir texnologiyaların tətbiqi. Enerji sektorunda risk həmişə qalır. Hasilata başlamadan yatağın real potensialını tam dəqiqliklə qiymətləndirmək çətindir. Yəni texnologiya nə qədər inkişaf etsə də, hasilat prosesi başlanmadan real həcmlər tam aydın olmur. Nəticə etibarilə, yaxın illərdə əsas hədəf sürətli artım deyil, sabitləşmə olacaq. Bu isə həm investisiya mühitindən, həm qlobal qiymət konyunkturasından, həm də geosiyasi faktorların inkişafından asılıdır.
– Ötən ay Avropa İttifaqı istehsalçı ölkələrdən “məhsulun Rusiyaya aid olmadığını təsdiq edən sənəd” tələb etmişdi. Bu tələb Azərbaycan üçün nə deməkdir?
– Avropa İttifaqı tərəfindən qəbul edilən bu qərar praktiki baxımdan mübahisəlidir. Çünki neft və qaz elə məhsullardır ki, onların üzərində “möhür” olmur. Yəni fiziki olaraq ilkin mənbəni müəyyənləşdirmək çox çətindir. Metan qazının və ya dizel yanacağının kimyəvi tərkibinə baxaraq onun konkret hansı ölkədən gəldiyini dəqiq demək mümkün deyil. Azərbaycan müəyyən dövrlərdə öz daxili tələbatı üçün Rusiya qazı alıb və yenə də ala bilər. Söhbət 2–3 milyard kubmetr həcmindən gedir və bu rəqəm nəzəri olaraq 5 milyard kubmetrə qədər arta bilər. Əgər daxili istehlak üçün daha ucuz qaz almaq imkanı varsa, bu kommersiya baxımından məntiqlidir. Bu, biznes qərarıdır və digər ölkələr də oxşar mexanizmlərdən istifadə edirlər. Eyni zamanda, Azərbaycan öz qazını Avropaya ixrac edir. Bu halda hansı molekulun haradan gəldiyini texniki olaraq ayırmaq real deyil. Rusiya qazının Azərbaycana nəqli üçün infrastruktur hələ sovet dövründən mövcuddur – Şimali Qafqaz istiqamətindən keçən boru xətləri var, lakin onların ötürmə qabiliyyəti yüksək deyil və həcmlər məhduddur. Bir ara Rusiyadan İrana qaz nəqli ideyası da gündəmdə idi və Azərbaycan tranzit ölkə kimi çıxış edə bilərdi. Lakin son geosiyasi hadisələr bu layihəni sual altına qoyur.
– Təbii ki, oxucuları ən çox maraqlandıran suallardan biri İrana qarşı müharibənin Azərbaycan–İran iqtisadi əlaqələrinə necə təsir edəcəyi ilə bağlıdır. Necə təsir edə bilər?
– İrandan idxalımız böyük deyil. Əsasən məişət kimyası, ərzaq, tikinti materialları kimi məhsullardır. Münaqişə və ya sanksiyalar fonunda ticarət dövriyyəsi pozula, qiymətlər arta bilər. Lakin bu mallar əvəzolunandır – məsələn, Türkiyədən alternativ məhsullar almaq mümkündür, sadəcə qiymət fərqi yarana bilər. Yəni Azərbaycan üçün ciddi və sistemli iqtisadi zərbə ehtimalı yüksək deyil. İran üçün də Azərbaycan böyük bazar deyil. Daha çox müəyyən texniki avadanlıqlar və spesifik məhsullar səviyyəsində əlaqələr mövcuddur. Azərbaycanın İrana böyük həcmdə ixrac etdiyi strateji məhsul yoxdur.
– Yeri gəlmişkən, Azərbaycanın neft-qazdan kənar ixracı cüzidir. Məsələn, Çinlə ticarət dövriyyəsi yanvar ayında təxminən 440 milyon dollar səviyyəsində olub. Bunun cəmi 10 milyonu bizim ixracın payına düşür, qalanını almışıq...
- Azərbaycanın ən böyük müsbət ticarət saldosu İtaliya ilədir və bu əsasən neft ixracı ilə bağlıdır. Hansı ölkəyə daha çox xam neft satılırsa, həmin istiqamətdə müsbət saldo formalaşır.
– Bəs İtaliyada neft-qaz sektoruna aid zavoda 3 milyard dollar yatırmağımız doğrudurmu? Tənqidçilər deyirlər ki, bu invesitiyalara Azərbaycan iqtisadiyyatının ehtiyacı var...
- Əgər söhbət SOCAR-ın investisiyalarından gedirsə, bu cür məlumatlar şirkətin rəsmi maliyyə hesabatlarında əks olunmalıdır. Hər bir xarici investisiya üzrə ayrıca hesabat olmalıdır: qoyulan vəsait, xərclər, gəlirlər, dividend axını və geri dönüş müddəti. Prinsip etibarilə, əgər investisiyanın geri dönüşü təmin olunursa və strateji baxımdan bazara çıxış, emal və satış imkanlarını genişləndirirsə, belə investisiyalar iqtisadi baxımdan əsaslandırıla bilər. Lakin bunun effektivliyi konkret maliyyə göstəriciləri əsasında qiymətləndirilməlidir. Bu məsələdə əsas meyar şəffaflıq və hesabatlılıqdır – qoyulan investisiyanın ölkə iqtisadiyyatına real faydası nə qədərdir, bunu rəsmi rəqəmlər göstərməlidir.
E.Rüstəmli
E.Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər