Naxçıvanda nazir təyinatı olub.

"AzPolitika" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul edilib.

Qərara əsasən, Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub.

Bu vəzifəyədək Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edib.

Qeyd edək ki, Fərid Bağırzadə 1994-cü ildə Bakı şəhərində anadan olub.

2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib.

2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.

2016-2018-ci illər ərzində “Azeri Retail” Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmtəə dövriyyəsi və logistika departamentində, 2019-2023-cü illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif vəzifələrdə çalışıb. DOST Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin Aktivlərin uçotu şöbəsinin müdiri vəzifəsində işləyib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib. Hazırkı vəzifəsinə təyin olunana qədər nazir müavini olub.  

Yeni Azərbaycan Partiyasının üzvüdür.