İranın Naxçıvan hava limanına PUA hücumu illərdir İran rejiminin iyrənc anti-Azərbaycan mahiyyətinin və siyasətinin nisbətən üstüörtülü, qaranlıq formadan açıq müstəviyə çıxmasıdır. Açıq-aşkar görünür ki, bunlar heç də “azmış”, “səhvən atılmış” PUA-lar deyil. Məqsədli olaraq, strateji əhəmiyyət daşıyan Naxçıvan aeroportu hədəf alınıb. Özü də bir yox, bir neçə PUA ilə.

Dalana dirənmiş, başçısını və başını itirmiş İrandakı hakim qüvvənin bu gün məhz İrana qarşı hücumda heç bir formada iştirak etməyən Azərbaycanı hədəf alması təasadüfi deyil. Ötən gün Türkiyəyə atılan raket, bu gün isə Azərbaycana atılan PUA-lar İrandakı hakim fars rejiminin öz içində illərdir gizlətdiyi Türkiyə-Azərbaycan birliyinə qarşı nifrət irininin partlamasıdır. Məhz buna görə, bu PUA-lar İranın “qırmızı cizgisi” olan Ermənistan sərhədinə yox, Naxçıvana yönəlib…

Bu hadisə həm də onu göstərir ki, İranda əsil hakimiyyətsizlik və başıpozuqluq hökm sürür. Ölkəni kimin, hansı bunkerdə, hansı “deşikdə” oturub idarə etdiyi bilinmir. ABŞ-İsrail hücumu başlayandan bəri İranın siyasi rəhbərliyi adından çıxış edən rəsmilər Azərbaycanla bağlı hər hansı bir neqativ bəyanat verməyiblər. Azərbaycan isə qətiyyətlə bildirib ki, öz ərazisindən İrana qarşı hərbi əməliyyatlarda istifadə edilməsinə yol verməyəcək və vermir də. Azərbaycan Prezident səviyyəsində İrana başsağlığı verib, ölkə başçısı bunun üçün İran səfirliyinə gedib. Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. İrana qarşı hücuma nə hərbi, nə də siyasi baxımdan heç bir dəstək verməyən Azərbaycan əksinə, qonşu ölkəyə hər cür humanitar dəstək üçün hər zaman açıqdır. Belə olan halda, Naxçıvana zərbə endirilməsi hansı məntiqdən, hansı zərurətdən irəli gəlir?

Ehtimal etmək olar ki, bu zərbələr uzun illər İran xalqının da kabusuna çevrilmiş, xirtdəyə qədər qana batmış və bu gün tamamilə nəzarətdən çıxmış SEPAH-ın əməlidir. Bu faktiki hərbi terror təşkilatının başında duranlar uzun illərdir dəfələrlə Azərbaycanın ünvanına müxtəlif hədə-qorxular yağdırıblar. İndi isə görünür çapalamalarına baxmayaraq, uzun müddət içərilərində daşıdıqları hikkəni çıxarmaq üçün əllərinə fürsət düşüb.


Bu gün SEPAH nə Prezident Pezeşkiana, nə də siyasi rəhbərliyə tabeçilik göstərmir və qatı məzhəbçi fars rejiminin olan qalan tör-töküntülərinin əsas “vuran əli” rolunda çıxış edir.

Ancaq bu gün zatən böyük bir hərbi koalisiya ilə üz-üzə qalan, öz axmaq davranışları ilə ərəb ölkələrini də özünə düşmən edən və hazırda faktiki olaraq bütün hərbi infrastrukturu darmadağın edilməkdə olan İran rejiminin bu tör-töküntüsü, üstəlik Azərbaycanı və Türkiyəni də hədəf almaqla, öz gorunu daha da dərin qazmış olur…

Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır”. Azərbaycan XİN-in bəyanatında belə deyilir. Doğrudan da, Azərbaycanın müvafiq cavab verməyə gücü də, tam hüquqi əsasları da var! Lakin açıq görünən odur ki, azğınlaşmış və öz qanında boğulmaqda, batmaqda olan İrandakı fars rejimi ətrafda hamını qana batırmağa çalışır. Bu təxribat da həmin çirkin, idbar niyyətin təcəssümüdür. Azərbaycanı bu savaşa qatmaq istəyənlər əlbəttə ki, bugünkü münaqişənin hər iki tərəfində var. Lakin cavab haqqını özündə saxlamaqla yanaşı, ölkəmizin təmkinlə davranması, həmişəki düzgün ölçülmüş, məntiqli xarici siyasətini davam etdirməsi də olduqca vacibdir…

Bu hücumla bağlı bir məqamı da qeyd etməmək olmur. Qoy indi bu PUA-lara Azərbaycandakı İranpərəstlər, məzhəbçi rejimin tərəfdarları, hətta dövlətimizin maraqlarını belə İrana satmağa hazır olanlar yaxşı-yaxşı baxsınlar. Bu hadisəyə əlbəttə ki, bir Azərbaycan düşmən xarici ölkələr, bir də daxildəki qatı məzhəbçi fanatiklər, İrana satılmışlar və ruspərəstlər sevinir. Vətəninə göz görə-görə xəyanət edən belələrinə öz yerinin göstərilməsinin və layiq olduqları yerə salınmasının vaxtı isə çoxdan çatıb…

Cəlal Məmmədli

“AzPolitika.info”