Müharibənin 6-cı günündə ölkə rəhbərliyini, generalitetini, hərbi donanmasını, nüvə-raket sənayesini, aviasiyanı, kəşfiyyat infrastrukturunu itirmiş İranın Birləşmiş Ştatlar–İsrail alyansına hər hansı dəstək verməyən Türkiyə və Azərbaycana qarşı təxribatlara əl atması təsadüf deyil.
Dünən Türkiyəyə atılan ballistik raket Hatay vilayəti üzərində NATO HHM sistemləri tərəfindən vuruldu, bu gün isə Naxçıvan Muxtar Respublikasının hava limanına dron hücumları həyata keçirildi.
Bu, İrandakı hakim rejimin hələ müharibədən əvvəl hazırladığı “maksimum xaos” ssenarisinin tərkib hissəsidir. Bu planı hazırlayanların əhəmiyyətli hissəsi – başda dini lider Əli Xamenei, SEPAH generalları, müdafiə naziri və digərləri artıq həyatda deyillər. Buna rəğmən, planın gerçəkləşdirilməsi cəhdlərindən əl çəkilmir. Baxmayaraq ki, cəmi 6 gün ərzində İranın dövlət olaraq onilliklər ərzində yaratdığı hərbi-kəşfiyyat infrastrukturu darmadağın edilib, qarşıdakı günlərdə böyük ehtimalla raket və dron atmağa qurğular da qalmayacaq.
“Böyük xaos” planı regionu müharibəyə cəlb edərək enerji və logistika xətlərini, neft-qaz istehsalı obyektlərini, böyük şəhərlərdə hava limanlarını vurmaqla idarəolunmaz vəziyyət yaratmaq və dünyada – Çində, Avropada, Yaxın Şərq ölkələrində, qonşu dövlətlərdə ABŞ–İsrail alyansına qarşı böyük etirazlar formalaşdırmaq məqsədi daşıyır. Qısaca, regionda elə bir vəziyyət yaradılır ki, müttəfiqlər İranı bombardman etməyi dayandırıb danışıqlara başlasınlar və nəticədə klerikal rejim ölümdən xilas olsun.
Qeyd olunduğu kimi, bir neçə gün ərzində hava sahəsi tamamilə müttəfiqlərin əlinə keçib, hərbi qüdrəti demək olar ki, sıradan çıxmaq üzrə olan İranın bu planı artıq iflasa uğrayıb. Azərbaycana və Türkiyəyə qarşı həmlələr can verməkdə olan rejimin son çırpıntılarıdır və onun sonunu daha da tezləşdirəcək.
Türkiyə və Azərbaycan İrana qarşı müharibədə hər hansı formada iştirak etmirlər. Əksinə, rəsmi Ankara ABŞ–İsrail hücumunu qınayıb, Bakı da müttəfiqi ilə həmrəydir və bölgədə sabitlik, əmin-amanlıq istəyir. Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarları ilə əlaqə saxlayıblar. Ölkə başçısı hətta Bakıdakı diplomatik nümayəndəliyi ziyarət edərək dini liderin ölümü ilə bağlı başsağlığını şəxsən çatdırıb.
Dünən İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrə müraciətində gördükləri xoşməramlı münasibətə adekvat cavab verib. O bildirib ki, “Hörmətli dost və qonşu ölkələrin liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq, lakin hərbi hücum bizə özümüzü müdafiə etməkdən başqa çarə qoymadı. Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq. Sülhün region ölkələri tərəfindən təmin ediləcəyinə inanıram”.

Pezeşkianın bəyanatı Türkiyə ərazisinə raket hücumundan sonraya təsadüf edirdi və dolayısı ilə rejimin alçaq hərəkətinə Tehrandan fərqli reaksiya sayıla bilərdi. O, siyasi administrasiyanın başçısı olsa da, məhdud səlahiyyətlərə malikdir, xüsusilə xarici siyasət və hərbi məsələlərdə. Amma gözləmək olardı ki, Xameneinin öldürülməsindən sonra ölkənin idarə edilməsinə Pezeşkianın da cəlb edilməsi onu qismən də olsa söz sahibinə çevirsin. Bu gün Naxçıvana qarşı dron hücumları isə vəziyyətin dəyişmədiyini, “Xamenei planı”nın hələ də masada olduğunu göstərir. Qəribədir ki, İranda məhv olmağın bir addımlığında olan rejim Türkiyə və Azərbaycana qarşı təxribatların onun tabutuna son mismarı vuracağını anlamır. Hər iki ölkə İran cəmiyyətində böyük nüfuza, güclü orduya və böyük dəstəyə malikdir. Onları bir-iki dron və ya raketlə qorxutmaq, çəkindirmək iddiasına düşmək gülüncdür. Təxribatların qarşılığında hansı addımların atılacağını hesablamaq daha ağıllı yanaşma olardı.
İrandakı xalqlar, xüsusən sayı 40 milyondan artıq olan türklər bir günün içində ayaqlana bilər. Onların qardaşlarından aldığı gücün qarşısında İranın onsuz da sıradan çıxmış hərbiyyəsi belə duruş gətirə bilməz. Bu isə artıq İranda əli xalqının qanına batmış klerikal rejimin də, bəlkə də İranın indiki siyasi formasının da sonu ola bilər.
E. Rüstəmli
“AzPolitika.info”

Şərhlər
inşallah qardaş bacılarımızla birləşərik